ƏLİ BAĞIŞDAN "ALTI SIFIR"

img

26-12-2025 [14:27]


Əli Bağış... Doğrusunu deyim ki, indiyə kimi mən belə bir yazarı tanımamışam. Qulu Ağsəs onun «Altı və sıfır» kitabını mənə təqdim etdi və o kitabdakı publisistik məqalələri, hekayələri və şeirləri oxuyandan sonra tanımadığımı tanıdım.

Publisistika, nəsr, şeir... Yaradıcı bir adamdan söz açıramsa, mənim üçün bu janrların ən əhəmiyyətlisi hansıdır sualını vermirəm.Çünki bədii istedadın hansı janrda önəmli olması şərtidir,əsas odur ki, müəllif özünü necə ifadə edir..«Dörd tabut» hekayəsi mənim fikrimcə,onun bədii yazıları içərisində xüsusilə seçilir və bu hekayə təkcə məzmununa görə deyil, həm də formasına-təhkiyə tərzinə, təsvir edilən hadisələrin bir-birilə üzvi şəkildə bağlılığına, novellavari sonluğuna görə də diqqəti cəlb edir.Və bir də hekayədə təsvir olunan obrazların hər biri ­ xaraktercə digərindən fərqlənir. «Dörd tabut»da müəllif iki azərbaycanlının və iki erməninin qətlindən söhbət açır və məlum münaqişənin gətirdiyi düşmənçiliyin iki ailəni fəlakətlərə düçar etdiyini nəzərə çarpdırır. Təhkiyə tərzi nağılvaridir, amma bu çox qəmli bir hekayətdir. Bu hekayətdə iştirak edənlərin hər biri özünəməxsus personaj kimi diqqəti cəlb edir. Əvvəlcə Sona və Səttar hekayətini dinləyirik. «Günlərin bir günü Sona Səttarın evinə gəlin köçdü. Gün günü qovdu, ay ayı qovdu və Sona buz baltası kimri oğul doğdu. Adını Nihad qoydular. Səttar Sona sevgisinin bu gözəl payının gəlişi hamını sevindirdiə, işsiz-gücsüz Səttarın qaşqabağını heç açmadı. «Heç özümü saxlaya bilmirəm, bu körpəni necə saxlayacam?» Və Səttar üz tutur Rusiyaya, adsan, pul-para, şan-şöhrət qazanır. O illər üçün bu tipik bir hadisə idi. Minlərlə həmyerlimiz xoşbəxtliyi, səadəti, firavan dolanışığı Rusiyada, başqa ölkələrdə axtarırdılar. Amma anlamırdılar ki, «Hər gün körpəsini tənha ürəyinə sıxİb göz yaşlarını yaz yağışı kimi səpən» Sonalar onların yolunu gözləyir.Və günlərin bir günü:«Səttar gəlməmişdi, Səttarı gətirmişdilər». Məlum olur ki, Səttar həmyerlilərini başına toplayıb «millətin bnaşçısı»na çevrilib. Ona bu yerdə haqq qazandırmaq olarmı? Necə qazanıb o pulları ki, 1 milyon dollar da ölümündən sonra atləsinə çatmalıdır. Sona «Bu pullar nə mənə, nə də körpəmə lazımdır» deyir. Haqlıdır. Amma Rusiyada «millətin başçısı» kimi «şöhrət» qazanan Səttarı Sona bağışlamasa da, biz bağışlayırıq. O, bir erməni dığasının «bizlərə «azərbaran» deyən Surenin bağırsaqlarınıü qarnından çıxarıb boğazına doladı». Özü də güllələnir. «Səttarın meyidi ata yurduna çatan səhərin axşamı Surenin meyidi də dağ kəndindəki evlərinə çatdı».

Yox, hekayənin məzmununu, hadisələrin bundan sonra gedişini söyləmək fikrində deyiləm. Çünki bundan sonra Səttarın və Surenin oğulları da eyni düşmənçilikdən həlak olurlar.Hekayənin ictimai-siyasi mənasına keçid baş verir. Amma sonda bu keçid anaların görüşməsiylə humanizm –bir-brini anlayacaq həddinə yetişir. «Dəli Kür..dörd bədbəxt qadından və iki xoşbəxt körpədən xəbərsiz-xəbərsiz axırdı. Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pısıldadı: -Siz türklərdə su aydınlıqdı. Bəlkə, heç bir=birlərini öldürmədilər».

Əli Bağışın «Dörd tabut» hekayəsini onun bədii yaradıcılığında uğurlu bir hadisə hesab edirəm və çox güman ki, o, hər dəfə hekayə yazmaq istəyəndə «Dörd tabut»u xatırlasın.

«Altı və sıfır»a Əli Bağış səkkiz şeirini daxil edib. Hər hansı bir şairi şeirlərinin hansı mövzuda yazılmasına görə yox, o şeirlərdəki poeziya havasına, bu havanın gətirdiyi bədii təsvir incəliyinə, fikrin ifadəli şəkildə izahına görə qiymətləndirmək lazımdır. V.Q.Belinski yazırdı ki: «Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müəyyən bir tərəfini müəyyən baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran və yaşadan bir başlanğıc kimi meydana çıxır». Əli Bağış fikir şairidir. Amma onun şeirlərində ifadə etdiyi fikirlər yalın-yalxı və çılpaq fikirlər deyil, ən başlıcası, həyat həqiqətindən doğan fikirlərdir. «Bakıya qar az yağır».

Doğrudan da belədir. Sadə, məlum bir fikir, amma şeirdə bu fikrin poetik təfsirini görürük.

Qar az yağır Bakıya.

Xəsis əlindən zorla qopan manatlar kimi.

Tanrı nəhəng əllərindən

Bir-bir atır qar dənələrini.

Böyük Səhraya dənə-dənə yağdırdığı

yağış damcıları kimi.ürəkləriylə

qorumaq üçün

Pencərələrdə

səhərə kimi

qar keşikçisinə dönür

cocuqlar.

Bakıya qar az yağır.

Az yağan qar gözləri, ürəkləriylə

qorumaq üçün

Pəncərələrdə

səhərə kimi

qar keşikçisinə dönür

cocuqlar.

Bakıya qar az yağır.

Bu az yağan qara,

bəlkə də ən çox

sevinir unudulmuş

şəhid qəbirləri.

Bu şeirdən də görsənir ki, Əli Bağış haqqında söz açdığı mətləbi danışmır, o mətləbin izahına da çalışmır, lakin hamının gördüyü mənzərənin şeir dililələ rəsmini çəkir. «Neftçilərə rekviyem» şeiri isə assosiyalar doğurur. Neft daşlarında güclü qasırğa üç fəhləni dənizdə batırıb. Onlar çörək uğrunda şəhid oldular. Fikrin assosiativliyi elə buradan doğur. Başqa bir şair bəlkə də burada qəhrəmanlıq çaları axtarardı. Amma baxın:

Torpaq üzərində bitən buğdanın çörəyini

dənizin dibində tapmağa getdilər…

Hər zaman Aslan ağzında olan çörək

Bu dəfə Qağayı dimdiyində, Balıq mədəsindəydi.

İndi o qədər rahatdılar ki…

Nə banklar axtaracaq onları,

Nə onlardan borc aldıqları qohumları, dostları.

Üç evdə arvad tənələri, uşaq gileyləri

Ünvansız qaldı.

Sərt realizmlə aşılanıb bu şeir. Belə şeirlər çox az yazılır.

Əli Bağış və onun yazıları haqqında söz açan müəlliflərin demək olar ki, hamısı onun şeirlərindən söz açırlar.Hamı onu şair kimi təqdir edir. Amma mənim fikrimcə, Əli Bağış bu günün irəlici publisistlərindən biridir. Deyirlər ki, şeir ya nəsr əsəri bədii, obrazlı, təçvir vasitələrinin zənginliyilə seçilir, publisistika isə bunlarsız da keçinə bilər. Yanlış fikirdir. Publisistik yazıda da bədiilik prinsipi əsas şərtlərdən biridir və Bədii Publisistika anlayışı burada yerinə düşür. Əli Bağışın bir çox publisistik yazılarını məhz bədii bir yazı kimi oxumuşam.

Əli Bağışın Qarabağ müharibəsi ilə bağlı yazılarını həyəcansız oxumaq olmur. O, bu yazılarda müharibənin içindədir. «Bir söyühə alınmış kənd», «İki şəkil-iki qətlin tarixçəsi» «İntiqam», «Qədirin qədirsizliyi» və s. bu tipli yazılarda müharibənin onda doğurduğu təəssüratlarla tanış oluruq.

Əli Bağışın publisistik yazıları keçmişə, tarixi hadisələrə və şəxsiyyətlərə bu günün nöqteyi-nəzərindən aydınlaşdırıcı bir baxış var. Məsələn «SSRİ niyə dağıldı» yazısını oxuyursan və razılaşırsan onun fikirləriylə. Və Əli Bağış onu düşündürən, narahat edən reallıqlara da münasibətisiz keçinmir. «Müraciət formamız necə olmalıdır?» «Belənçik», «Fərqli dini baxışlarım», «Milçək və fil məsələsi» tipli yazılarda mən publisistin həmin reallıqlara tənqidi münasibətini görürəm.

Təbii ki, Əli Bağışın kitabda toplanan bütün yazıları haqqında söz aça bilmirəm. Amma bu yazıların müəllifinin xeyli dərəcədə məlumatlı, dünya tarixini, görkəmli şəxsiyyətləri, incəsənəti, ayrı-ayrı elm sahələrini öz qədərincə mənimsədiyini ancaq alqışlamaq olar.

O, Ramiz Rövşəni çox sevir. Yazılarında tez-tez onu xatırlayır və şeirlərindən misallar gətirir. Bizi birləşdirən nöqtələrdən biri də budur.

Əli Bağış, səni tanıdım.

Vaqf Yusifli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

09:53 26.12.2025

Bu rayonlara qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA