Prezident 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edib - Sərəncam
22-12-2025 [13:07]
Prezident İlham Əliyev 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə bağlı sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.
Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.
Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, "Atəşgah" kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.
900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.
Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlamışdır.
Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. İki görkəmli memarın – Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir.
Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.
Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilmişdir.
Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada "yaşıl enerji" zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.
Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı ("UN-Habitat") ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir".
Sənəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi daşıyır.
Sərəncamla Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR