Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR

img

20-12-2025 [13:24]


Tanınmış idmançı Azad Məmmədov növbəti dəfə qeyri-adi bir sınağa imza atıb. O, Şəkidən Bakıya doğru piyada səfərə çıxıb. Artıq səfərin 9-cu günüdür və idmançının sözlərinə görə, təqribən bir gün sonra paytaxta çatması gözlənilir.

Mia.az xəbər verir ki, Azad Məmmədov bu maraqlı yolçuluqla bağlı təəssüratlarını “Yeni Sabah”la bölüşüb:

- Piyada səyahətə necə qərar verdiniz?

- Əslində, bu yol təkcə mənim yolum deyil. Bu səfərə 3 nəfər çıxmışıq: mən, oğlum Əsgər və Qadir müəllim. Bu, həm nəsillərarası, həm də dəyər daşıyan bir yürüşdür. Bu ideyanın kökü daha əvvələ gedib çıxır. 2018-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tək Bakıdan Şəkiyə 6 günlük piyada səfər etmişdim. Həmin təcrübə göstərdi ki, piyada yol insanı həm özünə, həm də məqsədinə daha yaxın edir. Bu dəfə isə Şəkidən Bakıya doğru yola çıxmaq qərarı verdik.

- Bəs bu səfər nə ilə bağlıdır?

- Səfərimiz iki əlamətdar tarixlə bağlıdır: 24 dekabr - Prezident İlham Əliyevin doğum günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Bu tarixlər yürüşümüzün əsas mənəvi dayaq nöqtələridir.

- Bu səfər sizə hansı hissləri və düşüncələri yaşadır?

- Səbr sakitlik və davamlılıq. Yol uzandıqca insan öz daxili dünyasına daha çox enir. Fiziki yorğunluq olur, hava sərtləşir, amma bütün bunlar insanı dayandırmır - əksinə, möhkəmləndirir.

2018-ci ildə etdiyim səfərlə indiki yürüş arasında böyük fərq var: bu gün məsuliyyət daha böyükdür, baxış daha dərinləşib. Bu yol təkcə mənim üçün deyil, bir dəyəri ifadə etmək üçündür.

- Yol boyu qarşılaşdığınız ən çətin və maraqlı an nə olub?

- Ən çətin anlar fıziki yorğunluğun artdığı, xüsusən soyuq havada uzun məsafələr qət etdiyimiz vaxtlar olur. Amma maraqlıdır ki, bu çətinliklər bizi ayırmır, əksinə, daha da yaxınlaşdırır.

Ən yadda qalan anlar isə yolda qarşılaşdığımız insanlardır. Dayanıb maraqlananlar, hal-əhval tutanlar, dua edənlər... O an anlayırsan ki, bu yürüş təkcə 3 nəfərin deyil, niyyətin, birliyin yoludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA