Üçrəngli Qürur – Azərbaycan Bayrağına Ehtiram Günü
07-11-2025 [13:32]
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru
***
“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” – deyirdi Ümummilli Lider Heydər Əliyev. Bu sözlər təkcə bir rəmzin mahiyyətini deyil, bütöv bir millətin azadlıq fəlsəfəsini ifadə edir. Hər il noyabrın 9-da bu müqəddəs rəmz qarşısında baş əyir, üçrəngli bayrağımızın dalğalandığı səmanın mavi təravətində tariximizi, qırmızı alovunda azadlıq uğrunda mübarizəmizi, yaşıl parlaqlığında isə milli-mənəvi dəyərlərimizi görürük.
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu günün dövlət səviyyəsində bayram elan edilməsi xalqımızın öz rəmzinə, milli kimliyinə və dövlətçiliyinə olan dərin ehtiramının göstəricisidir.
Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin parlaq səhifələrindən başlanır. 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında təsdiqlənən bu bayraq, cəmi 23 ay yaşamasına baxmayaraq, bütöv bir xalqın milli ruhunu, istiqlal idealını və gələcək azadlığının bünövrəsini qoydu. Mavi – türk kimliyimizi, qırmızı – müasir dünyaya açılan qapımızı, yaşıl isə – İslam mədəniyyətinə, mənəviyyatımıza sadiqliyimizi ifadə etdi. Bu üç rəngin müəllifi olan böyük mütəfəkkir Əli bəy Hüseynzadə, sanki xalqın gələcək yol xəritəsini müəyyənləşdirmişdi: “Türkləşmək, islamlaşmaq, müasirləşmək.”
Tarix bəzən rəmzləri sınağa çəkir. 1920-ci ilin aprelində sovet imperiyasının işğalı nəticəsində üçrəngli bayraq endirildi. Amma o, xalqın qəlbindən heç vaxt enmədi. Aradan 70 il keçdikdən sonra bu müqəddəs simvolu yenidən göylərə qaldıran şəxs məhz xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi o, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağı Naxçıvanın dövlət rəmzi elan etdi. O gün Naxçıvanda ucaldılan bayraq əslində Azərbaycanın gələcək istiqlalının müjdəçisi idi. Azərbaycanın böyük oğlu Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enmədən yenidən yüksəldi.
Heydər Əliyev bu hadisəni belə xatırlayırdı: “Biz 1918-ci ildə qəbul olunmuş milli bayrağı Naxçıvan Ali Sovetinin sessiyasında qaldırdıq. Qərar verdik ki, bu bayraq Naxçıvanın milli bayrağı olsun. O bayraq o gündən başımızın üstündə dalğalanır.” Bu qərar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti də bu bayrağı rəsmi dövlət atributu kimi qəbul etdi və o gündən etibarən üçrəngli bayraq bütün ölkənin üzərində ucaldı.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət rəmzləri – o cümlədən üçrəngli bayraq – yenidən bərpa edildi. Artıq bu bayraq yalnız bir dövlət simvolu deyil, azadlıq və milli qürurun ifadəsi idi.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Dövlət Bayrağı eni bərabər üç üfüqi zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz türk mənşəyimizi və milli birliyimizi təcəssüm etdirir. Bu bayraq müstəqil Azərbaycanın göylərində dalğalanmaqla xalqın iradəsinin, dövlətin əbədiliyinin, milli birliyin rəmzinə çevrilib.
Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması üçrəngli rəmzimizin müqəddəsliyini əbədiləşdirdi. 2010-cu ildə istifadəyə verilən bu meydan bu gün Azərbaycanın qürur məkanı, milli birliyimizin, dövlətçilik ideologiyasının simvolu kimi tanınır. Meydanda fəaliyyət göstərən Dövlət Bayrağı Muzeyi Azərbaycan dövlətçiliyinin yüzillik tarixini əyani şəkildə nümayiş etdirir.
2024-cü ilin noyabrında yenidən açılan Dövlət Bayrağı Meydanında bu gün dünyanın ən böyük bayrağı dalğalanır. Burada yaradılan “Zəfər qalereyası” 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda ucaldılan bayraqların əzəmətini əks etdirir.
Vaxtilə Ümummili lider Heydər Əliyev demişdi: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə yox, hər bir ailənin həyatının əziz bir hissəsi olmalıdır.” Bu, sadəcə bir tövsiyə deyil, milli kimliyimizi yaşadan bir vəsiyyət idi. Azərbaycan Konstitusiyasının 75-ci maddəsi də bu mənəvi dəyərləri hüquqi norma səviyyəsinə yüksəldir — hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməlidir.
44 günlük Vətən müharibəsindən sonra üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalananda xalqın yüzillik arzusu gerçəkləşdi. O bayraq Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Cəbrayılda qaldırılarkən, minlərlə şəhidin ruhu rahatlıq tapdı. Bayraq artıq yalnız dövlətin deyil, həm də Qələbənin, dirçəlişin, milli qürurun rəmzidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. O, canımızdır, ürəyimizdir.”
Bu gün üçrəngli bayraq Azərbaycan xalqının birliyinin, azərbaycançılıq ideologiyasının, müstəqil dövlətimizin əbədi simvoludur. Hər bir azərbaycanlı bu bayrağın altında həm tarixini, həm kimliyini, həm də gələcəyini görür.
Heydər Əliyev demişdi: “Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”
Azərbaycanın müstəqilliyinin, xalqımızın azadlıq eşqinin və milli həmrəyliyinin bu rəmzi əbədi olaraq göylərdə dalğalanacaq. Çünki bu bayraq yalnız parça deyil – bu, bir xalqın keçmişi, bu günü və gələcəyi, bir millətin vüqarı, azad nəfəsi, sonsuz inamıdır. 9 noyabrda dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində elə bir ucalığa yüksəlir ki, o ucalıqdan yalnız azadlıq görünür.
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb