ANKLAV ƏRAZİLƏRİN GƏLƏCƏYİ NECƏ OLACAQ? - Bakı ilə Yerevanın həllini gözləyən daha bir mühüm məsələsi var (TƏHLİL)
29-08-2025 [16:47]
Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında bəyan edib ki, Azərbaycanla sərhədlərin delimitasiyası davam edəcək. Baş nazir anklav məsələsinə də toxunub:
“Bizə məxsus olan, lakin Azərbaycanın nəzarətində olan ərazilər var. Eləcə də Azərbaycana məxsus, amma bizim nəzarətimizdə olan torpaqlar mövcuddur. Delimitasiya prosesi davam etməlidir. Harada Azərbaycana məxsus ərazilər varsa, onlar qaytarılmalıdır, harada Ermənistana məxsus torpaqlar varsa, onlar da bizə verilməlidir”.
Hazırda Azərbaycana məxsus anklav kəndlər – Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Kərki Ermənistanın de-fakto nəzarətindədir. İrəvan isə Azərbaycanın Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin ona aid olduğunu iddia edir.
Prinsip etibarilə delimitasiya və demarkasiya prosesi bu gün əvvəlki illərlə müqayisədə ikitərəfli təmaslar və qarşılıqlı razılaşmalar əsasında aparılır. Bu isə özlüyündə müsbət dinamikanın formalaşdığını göstərir və sülh prosesinin gələcəyi baxımından ümidverici amil hesab oluna bilər. Lakin anklavların taleyi ilə bağlı hələlik rəsmi bir razılaşma və ya açıqlama yoxdur. Ona görə də bu məsələyə münasibətdə yalnız subyektiv yanaşmalar və ehtimallar irəli sürmək mümkündür.
Vaşinqtonda keçirilmiş üçtərəfli görüşdən sonra qəbul edilən Bəyanatda BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edilərək, keçmiş münaqişənin başa çatması və gələcəyə yönəlmiş münasibətlərin qurulması razılaşdırılıb. Bu sənədlər tərəflərin SSRİ dövründəki inzibati sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Məntiqlə yanaşdıqda, bu prinsip “hamının hamıya” modeli ilə qarşılıqlı ərazi mübadiləsini ehtiva edir.
Lakin beynəlxalq təcrübə göstərir ki, bu cür hüquqi prinsiplər həmişə reallıqla üst-üstə düşmür. Çünki bu ərazilər üzərində nəzarət təkcə hüquqi məsələ deyil, burada faktiki yaşam, təhlükəsizlik, nəqliyyat-kommunikasiya, gələcək münaqişə riski və regional güclərin maraqları kimi amillər də prosesə təsir edir.
Azərbaycan anklavlar məsələsində həm tarixi, həm də hüquqi baxımdan haqlı mövqedədir. Lakin qeyd edilən ərazilər uzun illərdir Ermənistanın de-fakto nəzarətindədir və orada azərbaycanlılar yaşamır. Həmçinin, ərazilərin relyefi və coğrafi təcridi buraların reinteqrasiyasını çətinləşdirir. Eyni hal Başkəndə də aiddir.
Bu kontekstdə delimitasiya prosesi yalnız xəritələrə və SSRİ dövrünün arxiv sənədlərinə əsaslanaraq deyil, mövcud demoqrafik və təhlükəsizlik reallıqları, gələcək sabitlik ehtimalları və sülhə xidmət edəcək mexanizmlər əsasında həyata keçirilməlidir. Əgər tərəflər bu məsələyə emosiyalardan uzaq, strateji və praqmatik yanaşsalar, qarşılıqlı güzəştlərlə həm ərazi bütövlüyünü, həm də regional sabitliyi təmin etmək mümkündür.
Çünki anklavlar potensial təhlükə mənbəyidir. Əgər tərəflərdən biri həmin ərazilərdə simvolik addımlar atsa, məsələn, rəsmi səfər edərsə, hərbi post yerləşdirərsə və ya mülki yaşayışı təşviq etməyə çalışarsa, bu, qarşı tərəfdən təxribat kimi qəbul oluna və sülh prosesi ciddi təhdid altına düşə bilər. Bu ərazilərin çətin coğrafiyası, yolların olmaması və inzibati əlçatmazlığı vəziyyəti daha da mürəkkəbləşdirir.
Qarşılıqlı güzəştin mümkünlüyü və praktikliyinə dair beynəlxalq təcrübədən ən real nümunə Fərqanə vadisidir. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında bölünmüş bu vadidə də etnik, tarixi və inzibati sərhədlər bir-birinə qarışıb. 1990-cı illərdə bu səbəbdən silahlı toqquşmalar və sərhəd münaqişələri baş verirdi. Amma zamanla tərəflər anladılar ki, bu ərazilərdə hüquqi iddialarla yaşamaq mümkün deyil. Çünki kəndin suyu bir ölkədə, yolu digərində, əhalisi isə üçüncüdə idi. Nəticədə tərəflər birtərəfli ərazi iddialarından imtina edərək, qarşılıqlı güzəştlər və alternativ razılaşmalar əsasında sabitlik yaratmağa nail oldular. Bu yanaşma formaca torpaq itkisi kimi görünsə də, reallıqda daha rasional və sabit idarəetmə modeli idi.
Azərbaycanla Ermənistan arasında anklav məsələsinin çözümü də buna bənzər model üzrə hüquqi əsaslar, real siyasət, təhlükəsizlik balansı, qarşılıqlı güzəştlər kontekstində aparılarsa, hər iki ölkə üçün uzunmüddətli sülh və sabitlik zəmanəti verə bilər.
Əsas məsələ hüququ emosiyalarla deyil, reallıq və rasional düşüncə ilə birləşdirərək icra etməkdir. Əks halda, hüququn qorunması adı altında regional sabitliyi riskə atmaq qaçılmaz olar.
Turan Rzayev
MİA.AZ
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub