Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
24-04-2024 [11:24]
Xalq artisti Rasim Balayev Teleqraf.com-un suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrisiniz. Fəaliyyətiniz necə davam edir? Bu sahədə nə kimi dəyişikliklər edəcəksiniz?
- Azərbaycan Kinematoqrafçılar İttifaqının öz nizamnaməsi var və indiyə qədər onunla fəaliyyət göstəririk. Bizim işlərimiz onda daha parlaq, gözəl və canlandırıcı görünər ki, yeni filmlər çəkilsin. Çox təəssüf, bu gün kino sahəsi yaxşı vəziyyətdə deyil. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, sonra isə sədri seçildim. Bizim çoxlu tədbirlərimiz olub, filmlərimizin premyerası baş tutub, onlar haqqında rəylər səsləndirilib, müzakirələr keçirilib. Gənclərin kinoya cəlb olumasını həmişə prioritet hesab etmişik və bu tendensiya indi də davam edir. Təəssüflər olsun ki, indi filmlər çəkilmir...Film çəkilsə, işlərimiz daha böyük vüsət alar. Ancaq ümidlə yaşayırıq.
- Rasim müəllim, niyə film çəkilmir? Kino sahəsində çatışmayan cəhətlər nələrdir?
- Biz bir ictimai formasiyadan başqasına keçdik. Yəni sovet dövründə pis-yaxşı bir struktur, bir nizam vardı. O istiqamətdə işlərimizi qururduq. Əvvəlki struktur dağıldı, yenisi yaranmadı. Təsəvvür edin, Azərbaycanda 6-7 il film çəkilmədi. Kinostudiyada 1200 əməkdaş işləyirdi, həmin şəxslər işsiz qaldılar. Dünyasını dəyişənlər, səhhətində problem yarananlar, başqa sahəyə gedənlər oldu. 90-cı illərdə Qarabağ problemi ortaya çıxdı. Kino işçiləri olaraq dövlətimizdən o vəziyyətdə pul istəməyə üzümüz gəlmirdi. Hər şey müharibə üçün idi. Daha vacib işlərimiz vardı. Sənətkarlarımızın da çoxu dünyasını dəyişdi. Köhnə kino məktəbindən az adam qaldı. Yeni nəsil isə yetişmədi. Bizə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu yer verirdi, bir rejissor, bir operator, bir ssenarist yetişdirirdi. Bu da ləğv olundu. Düzdür, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində rejissorlar, operatorlar hazırlayırdılar, amma, bu istədiyimiz səviyyədə deyildi və indi də deyil. Çünki universitetin yüksək səviyyəli bazası yoxdur. Məsələn, Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alan tələbəyə kurs işi zamanı maliyyə ayrılırdı. Burada isə belə ənənə və büdcə yoxdu. Çox təəssüf ki, Azərbaycan kinosuna toyları çəkən operatorlar gəldi.
- Bildiyimiz qədər bir çox operatorların ali təhsili də yoxdur...
- Doğrudur, çoxunun ali təhsili də yoxdur. Mən həmişə deyirəm ki, Aşıq Ələsgər təhsil görməyib, amma Allah ona istedad verib. Bədahətən şeir demək, şeir qoşmaq olar. Kino kollektiv sənətdir. Burada texniki məsələləri dəqiq bilmək lazımdır. Bizdən asılı olan və olmayan səbəblərə görə, tamaşaçı auditoriyamızı itirdik. Hazırda kino sahəsi üçün çox çətin bir dövrdür. Tamaşaçıları geri qaytarmaq lazımdır. İnsanlarda bu sahəyə inam itib, Azərbaycan kinosu ağır vəziyyətdədir. Bizim ali məqsədimiz isə budur ki, bu işi sahmana salaq və Azərbaycan tamaşaçısının zövqünə uyğun filmlər çəkək.
- Rejissor Emil Quliyevin filmlərini izləmisinizmi?
- Xeyr, izləməmişəm. Bir var, tamaşaçı, bir də var, bu sahədə 50 il çalışan peşəkar kimi filmləri izləyirsən. Yaxşı aktyorlarımız var. Amma ən böyük problemimiz ssenari məsələsidir. Ümumiyyətlə, ədəbiyyat, kino, teatr, musiqi sahələrində müəllifin tamaşaçıya həmişə mesajı olur, tamaşaçıya nəsə ötürməli və düşündürməlisən. Təəssüf ki, Azərbaycanda filmlər tamaşaçıya mesajı verə bilmir. Nə qədər dedektiv janrdan istifadə etmək olar?! Bir-birini vurmaq, kiminsə ailəsini dağıtmaq və sair kimi mövzular nə qədər olar?! Biz insanlara ruh verməli, onların zövqlərinin formalaşmasına kömək etməliyik. İnanırsınız, tamaşaçı zövqü o qədər korlanıb ki, keyfiyyətli işlərə baxa bilmirlər. İstəyirlər ki, orada boş-boş hırıltı olsun. Artıq düşünüb-düşündürən əsərləri unudublar. Biz də istəyirik, elə filmlər çəkilsin ki, tamaşaçıya müəyyən qədər zövq versin, xeyri olsun. Məsələn, öz həyatımdan nümunə göstərim. Bir yetkin insan kimi formalaşmağımda məktəbin, universitetin, mütaliə etdiyim əsərlərin, teatrın, kinonun çox köməyi olub. Oxuduğum əsərlərdə baş qəhrəmanın yerinə özümü qoymuşam və düşünmüşəm ki, bu situasiyada mən nə edərdim...Ondan ibrət götürmüşəm. Təəssüf ki, hazırda belə ənənə yoxdur.
- İTV, Xəzər və ATV kanallarında seriallarımız yayımlanır. Seriallarımıza münasibətiniz necədir?
- Heç kim inciməsin, heç bir serialımıza baxa bilmirəm. Hər sənətin öz xüsusiyyəti var. Kino sahəsi böyük həcmli mətnləri sevmir, çünki təsviri sənətdir. Kino lakonik olmalıdır. Aktyor isə obrazı ilə üzərinə düşəni tamaşaçıya çatdırmalı və onu düşündürməlidir. Bu yoxdursa, nə faydası var?!
- Son vaxtlar televiziyalarımızın səviyyəsi çox tənqid edilir. Bu kimi məsələləri həll etmək üçün Siz nələri tövsiyə edərdiniz?
- Hamı narazıdır…Bir müddət əvvəl televiziya rəhbərləri bir araya gəlmişdilər. Onlara öz fikrimi bildirdim. Mənə cavab verdilər ki, televiziyaya reytinq lazımdır. Bu söz mənim xoşuma gəlmədi. Reytinq naminə insanların zövqünü niyə korlayırsınız? Efirə layiq olmayan insanları verilişlərə ailəvi dəvət edirlər, sonra da milli mənəvi dəyərlərimizə zidd olan mövzuları müzakirə edirlər. Aparıcıların çoxu ləhcə ilə danışır. Azərbaycan dili çox gözəl dildir. Dilimizi korlamağa, vulqar danışıqlara isə yol verilməməlidir. Mən bir çox ölkələrdə - Orta Asiya, Türkiyə, Almaniya və bir çox ölkələrdə filmlərə çəkilmişəm. Mənə həmişə deyirdilər ki, Azərbaycan şeiri səsləndirim. İmadəddin Nəsiminin qəzəllərini, Mikayıl Müşfiqin şeirlərini səsləndirirdim. Deyirdilər, Azərbaycan dili necə gözəldir, dilin nə gözəl ahəngi var. İndi dilimizi də pis vəziyyətə salıblar, hərə öz ləhcəsində danışır, belə olmaz. Ədəbi dildə danışılmalıdır, demirəm ki, Azərbaycan dilinin qrammatikasından dərs keçsinlər. Məhkəmə hadisələrini “Səni axtarıram”, “Bizimləsən” verilişlərində yayımlayırlar. Kişi həyat yoldaşı ilə birləşib anasını evdən qovur və s. kimi hadisələri efirdə təqdim edirlər. Bu hadisəni televiziyada niyə təbliğ edirsən, nə demək istəyirsən? Gənc nəsil bundan nə tərbiyə götürəcək?! Düzdür, Rusiya və Türkiyə telekanallarına da baxıram, orada da bayağı verilişlər var. Amma səviyyəli, maraqlı verilişlərin də sayı az deyil. AzTV və bir az da İTV kanalı xoşuma gəlir. Nə təqdim edirsən et, nümunəvi olmalıdır, izləyicilər nəsə götürməlidir. Əvvəllər televiziyaya hər adamı buraxmırdılar, nümunəvi insanlara icazə verirdilər. Hətta televiziyaya çıxan adamın bioqrafiyası ilə maraqlanırdılar… Torpaqlarımız 30 il işğalda idi. Müharibə başlayanda gördük necə oğullarımız cəbhəyə yola düşdülər, xalqın içində, genində qəhrəmanlıq var. Niyə o hissləri öldürürsünüz? Nə qədər oxuyan olarmış?.. Musiqi sahəmizi nə günə salıblar!..Güman edirəm ki, bu məsələlərə bir əncam çəkiləcək.

- Xalq artisti Oqtay Mirqasımov kino ittifaqlarının birləşməsinin əleyhinə çıxdı və səsvermə zamanı zalı tərk etdi. Hazırda onunla münasibətiniz necədir?
- Oqtay Mirqasımovla dostam, iki filminə çəkilmişəm. Əvvəlcə o, birləşməyin tərəfdarı idi. Sonra onu anlaya bilmədim. Bir neçə ay əvvəl bir yerə yığışmışdıq, danışdıq ki, iki ittifaqın mövcudluğu kənardan yaxşı görünmür. Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar, Rəssamlar ittifaqları var, bu da bir ittifaq olsun. Müəyyən səbəblər vardı, ayrıldılar, amma indi bir olmalıyıq. O da bunun tərəfdarı idi. Sonra nə oldusa... Biz həmişə bir-birimizə hörmətlə yanaşmışıq. Başım çıxmadı. Dedi ki, AKİ dağıdıcı qurum olacaq. Biz nəyi dağıdırıq? Sən də hörmətli ağsaqqalsan, gəl, bizə məsləhət ver. Onun “Rasim idarəçiliyi bilmir” sözü xoşuma gəlmədi. Məni bir az aşağıladı. Axı, Rasim 23 il Azərbaycan Kinematoqrafçılar İttifaqında birinci katib olub, iki il də sədr... Bəli, İqtisadiyyat Nazirliyinin idarəçiliyini, kənd təsərrüfatını bilməyə bilərəm. Amma 25 il burada işləmişəm. Sadəcə bir az yumşaq adamam, bəziləri də düşünür ki, sədr zəhmli olsun, onu görəndə hamı gizlənsin. Belə adamlar bizdə olub, amma mən hamıya bərabərhüquqlu, dostcasına münasibət bəsləməyə çalışmışam. Vəzifə gəldi-gedərdir. Kino sahəsinin tanınmış simaları bir araya gəlib bu vəziyyətdən çıxmağın yollarını axtarmalıyıq. Bir-birimizi təqsirləndirmək yolu ilə yox...
- Sizin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmağınızı istəməyənlər də olub?
- Yəqin ki, olub. Əvvəl deyirdilər ki, sənin paxıllığını çəkirlər. Paxıllıq hissi mənə yaddır. Cavab verirdim ki, vallah, heç nə hiss etməmişəm. Çünki ildə azı iki-üç filmə çəkilirdim, dublyaj edirdim, başım o qədər qarışıq olurdu, heç bu işlərlə maraqlanmırdım. Allah hər kəsi bir cür yaradıb, hər kəsin də bir qisməti var. Orada-burada işə yararlı söhbət danışırlarsa, gəlsinlər birgə edək. Qurultayda elan olundu ki, kim istəyir öz namizədliyini versin, sədrlik səsvermə ilə oldu. Düzü, əvvəllər bura gəlmək istəmirdim. Söhbət 1990-cı illərdən gedir. O vaxtadək kinostudiyada aktyor kimi çalışmışam. Məni dəvət edəndə dedim ki, aktyoram, o vaxt filmlər çəkilirdi. Sonrakı illərdə düşündüm, yaxşı ki, bu iş oldu, yoxsa nə edəcəkdim? Filmlər də çəkilmirdi. O vaxt Rüstəm İbrahimbəyova dedim ki, mən kabinet adamı deyiləm. Cavab verdi ki, heç kim anasının qarnında kabinet işçisi olmur, gəlib öyrənəcəksən. Bu sahədə 25 ildir işləyirəm, mənə deyirlər, idarəçiliyi bilmir... Mənə şübhə ilə yanaşırlar. Səbəbini isə konkret açıqlayan yoxdur, çünki tutarlı arqument tapmaqda acizdirlər.
- Siz sədr seçiləndən sonra tanınmış kino xadimləri arasında qarşılıqlı ittihamlar başladı, Ayaz Salayev, Əbdül Mahmudbəyov haqqınızda xoşagəlməz fikirlər səsləndirdilər.
- Mən həmişə demişəm ki, kimin yaxşı təklifləri varsa, gətirsin, biz də öz işimizdə nəzərə alaq. Mən hamıya dostcasına baxmışam, vallah. Paxıllıq etməyə vaxtım olmayıb. Nə içimdə elə xasiyyət olub, nə də buna vaxtım qalıb. Bir də ayılırdım ki, yeni ildir, deyirdim bir il necə keçdi... Daşkənddə, Almaniyada çəkilirdim, dublyaj, ailə qayğıları və s. Bir də görürdüm il başa çatdı. Səbəbsiz olaraq ünvanıma xoşagəlməz sözlər söylədilər. Məndən əvvəlki AKİ sədri, mərhum Rüstəm İbrahimbəyov rəhmətə gedəndən sonra kollektiv məni çağırdı. Onlara bildirdim ki, mən bu vəzifəni istəmirəm. Cavab verdilər ki, bu vəzifənin icrası üçün tanınan adam lazımdır. Sonra yazıçı Anar Rzayev gəldi. Hərəsinin öz çəkisi, öz yeri var. Amma Əbdül dedi ki, "Azərbaycan kinosuna Rasim Balayev xəyanət edib”. Haqqımda dedilər ki, guya mənim Azərbaycan kinosunda heç bir xidmətim olmayıb. Mən Əbdüllə 57 il dostluq etmişəm, ailəvi yaxın idik. Çox heyif ki, belə lazımsız söhbətlər oldu. Düzdür, Əbdül əl verdi, barışdıq. Amma mən daxilimdə barışmıram. Mən Ayaz Salayevlə də işləmişəm. Haqqımda elə söz dedi ki... Dedi, Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr olmasının heç bir əhəmiyyəti olmayacaq. Mən də ona cavab verdim, ən böyük səhvlərimdən biri odur ki, sənin filminə çəkilmişəm. Amma bir rejissor-aktyor kimi çox səmərəli iş görmüşdük. "Yarasa" filmi Fransada baş mükafat aldı. Yəni birlikdə ümumi işlərimiz olub. Bunu niyə yerə vurursunuz? Sədr olmaq istəyirsən, namizədliyini ver və gəl burada otur. Deyirlər ki, oturub orada kef edir. Nə kef etmək?! İnsanlar gəlirlər, onların problemi ilə məşğul oluruq, imkanımız daxilində müəyyən adamlara sosial köməklər edirik. Bu idarədə bir qəpik yeyinti ola bilməz. Qətiyyən! Çünki mən belə tərbiyə almışam.


- Rasim müəllim Azərbaycanın ən xarizmatik aktyorlarından birisiniz. Həyat yoldaşınızla münasibətinizdə hər hansı qısqanclıq olubmu? Ailənizi necə qoruyub saxlamısınız?
- Qısqanclıqlar olub. Yaxşı ki, məşhur olmazdan əvvəl evlənmişdim və iki övladım vardı. 22 yaşımda ailə qurmuşam. Mən “Nəsimi” filminə çəkiləndə iki övladım vardı. Ailəmi də çəkiliş meydançalarına aparırdım. Əvvəllər həyat yoldaşımla küçədə gedəndə insanlar mənə baxmırdılar. Sonra həyat yoldaşımla harasa gedəndə hamı mənə baxanda qəribə olurdu. Ona deyirdim ki, “ay qız, onlar mənə aktyor kimi baxırlar, sənətimi sevən insanlardır”.
- Hətta bir çox xanımlar sizi seviblər, məktublar yazıblar...
- Bəli, bu kimi hallar olub. Amma artıq ailəm vardı və ailə mənim üçün müqəddəs idi. Onun naminə müəyyən şeylərdən vaz keçmişəm. Qısqanlığa görə həyat yoldaşımla davamız da olub. Amma sonradan vərdiş etdi ki, sənətin qaydaları belədir. Mən mühəndis, müəllim olsaydım və küçədə gedəndə mənə baxan olmazdı. Aktyor kimi baxırdılar, amma bu o demək deyil ki, hamı mənimlə sevgi yaşamaq istəyirdi. Məndə çoxlu məktublar gəlirdi…
- Həyat yoldaşınız da məktubları oxuyurdu?
- Bəli, oxuyurdu. Heç bir məktuba cavab vermirdim.
- Sizə məktub yazanlar sırasında aktrisalarımız da olub.
- Bir neçə aktrisalar var, deyirlər ki, biz sizi filmdə gördük və bu sənətə sevgimiz yarandı. Firəngiz Mütəllimova, Mehriban Zəki və başqaları. Yadımdadır ki, 2000-ci ildə Rusiyanın Arxangelsk şəhərinə festivala getmişdik. O zaman küçədə bir xanım uşağı ilə gedirdi. Mənə yaxınlaşıb dedi ki, Siz “Nəsimi” filminə çəkilmisiniz? Məktub da yazmışdım. Mən Sizi gözünüzdən tanıdım.
- Zamanla bu hal sizin üçün adiləşdi?
- Əlbəttə, daxilimdə fərəh hissi keçirirdim, bununla yanaşı məsuliyyət… Düşünürdüm ki, işimdə həmişə səviyyəmi saxlamalıyam. Son 10-15 il idi ki, filmlərə çəkilmirdim. Sonuncu filmim 2012-ci ildə çəkilən "Sübhün səfiri" oldu. Evdə otururdum, işləmirdim. Seriallardan çox dəvət alırdım, amma ekran əsərlərimiz xoşuma gəlmirdi. Sonra düşündüm ki, sən öz işini normal et, evdə oturmusan. Həmişə insanların əhatəsində olan insan idim, bu boşluq məndə depressiya yaratdı. 9 il evdə oturdum. Düşündüm ki, mən Azərbaycan kinosunda heç kimə lazım deyiləm. Sonra məni seriallara dəvət etdilər, bir az əvvəl dediyim kimi, düşündüm ki, ümumi seriala deyil, öz roluma cavabdehəm. Öz rolumu peşəkar oynayaram. Beləliklə, seriala çəkildim. Oradakı ab-havanı gördüm və xoşuma gəlmədi. Ondan sonra serial təkliflərini qəbul etmədim.
- Ailə üzvlərinizlə Şuşaya da getmişdiniz...
- Şuşaya 1976-cı ildə getmişdim, uşaqları da aparmışdım. Onda Şuşa azad idi. Bir dəfə də 2021-ci ildə Şuşa azad olunduqdan sonra getdik. Ailəmlə eyni məkanda eyni pozda şəkil çəkdirdik. Ondan sonra Şuşaya bir dəfə tədbirə getdim. Mənim və kino ilə böyüyən insanların amalı birdir, Azərbaycan kinosu inkişaf etsin. Başqa niyyətimiz yoxdur. Aktyor kimi isə arzum budur ki, yaxşı ssenari olsun, filmə çəkilim. Mənə elə gəlir ki, daxilimdəki potensialı tam göstərməmişəm. Nə qədər sağam təcrübəmi kino sahəsində göstərim. Mən kino aktyoruyam, bu sahəyə möhkəm tellərlə bağlıyam.
- Necə bir obraz oynamaq istərdiniz?
- Dərin psixoloji obraz canlandırmaq istərdim. Hətta tragikomik obraz da canlandıra bilərəm. Mən özüm yumor hissini çox sevən insanam. Çalışmışam ki, düşünüb, düşündürəm. Yüksək səviyyəli ssenari və ürəyimcə olan rol olmalıdır. Teatrda da rol oynaya bilərəm, əvvəl də oynamışam. Akademik Milli Dram Teatrında klassik əsərlərdə oynaya bilərəm.
"Fənərbağça" iki gənc futbolçu ilə müqavilə imzaladı - FOTO
Ağsuda dələduzluqda ittiham olunan şəxs tutulub
Mehriban Xanlarova: "Narkoloji və psixoliji dispanserlərə ona görə getmişdim ki..."
Türkiyədə məşhur müğənnilər saxlanılıb - Aleyna Tilki, Danla Bilic, İrem Sak, Şeyma Subaşı...
Ağdamda mülki şəxs minaya düşüb
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz