MƏNİM İDEALIM (“Mənim ən yaxşı yazılarım” silsiləsindən)
05-07-2023 [10:15]
Qalib ARIF
***
Düşünürəm ki, hər bir insanın arzularına, xəyallarına uyğun bir idealı olur. Bu ideal uşaqlıq nağıllarından da yarana bilər, oxuyub öyrəndikcə, dünyagörüşündən də formalaşa bilər. Göydəki ulduzlar qədər uzaq və yerdəki insanlar qədər yaxın ola bilər...
Deyirlər bir gün Napoleon oğlundan soruşur ki, böyüyüb kim olmaq istəyirsən? Oğlu hazırcavablıq edir, dərhal cavab verir ki, Napoleon olmaq istəyirəm. Böyük insanın qanı qaralır, başını aşağı salır. Deyir mən Allah olmaq istəyirdim, ancaq Napoleon oldum. Sən ancaq Napoleon olmaq istəyirsənsə…
Doğrudur, mən heç vaxt Napoleon olmaq istəməmişəm, amma boynuma alıram ki, Cek London olmaq (“Arzuya bax, sevgilim...”) istəmişəm. Hələ tələbəlik illərində, arzularımın kitabı “Martin İden”i oxuyanda bu xəyallara düşmüşəm. İdealımın həyatını, yaradıcılığını zərrə-zərrə, qarış-qarış öyrənmişəm. XX əsrin dahilər kəhkəşanının ən parlaq ulduzlarından birini özüm üçün yenidən kəşf etmişəm, yüz dəfə, min dəfə heyrət etmişəm…
*** *** ***
Həyatın dibindən onun zirvəsinə doğru, bütün məhrumiyyətlərə və maneələrə rəğmən şanlı bir yürüş… Bəli, özündə olan gücü, enerjini, istedadı və nəhayət, böyük iş qabiliyyətini səfərbərliyə alıb bir məcraya yönəltməyə qadir olan Cek London dünyada ancaq nəhənglərin nail ola biləcəyi bir nailiyyət qazandı: həyatın ölüm və dəhşət dolu dibindən onun şöhrət zirvəsinə yüksəldi. Buna cəmi bir neçə il vaxt lazım gəldi...
Cek bütün varlığı ilə ancaq bir şeyə – yazıçı olmağa can atırdı. Bu, şəxsiyyətin adi bir şıltağı deyildi, şöhrət və dövlət əsiri olmaqdan da irəli gəlmirdi. Təbiət ondan heç nə əsirgəməmişdi: onun istedadı Marks kimi, Hüqo kimi sonsuz idi, insan təfəkkürünün bütün istiqamətlərində səfərə hazır olan bir gəmiyə bənzəyirdi. Cek istəsəydi böyük filosof, məşhur alim, bəstəkar, rəssam da ola bilərdi. Yazıçı, şair olmaq isə içəridən gələn səsin tələbi idi, bu onun təbiətinin, talantının qüdrəti idi. Çünki o, anadan şair doğulmuşdu - güclü təxəyyülə, iti müşahidəyə və dərin hissiyyata malik idi, onda öz təəssüratlarını sözlə vermək qabiliyyəti çox güclü idi. O, deyirdi ki, təxəyyül möcüzələrə qadirdir, hətta mənim kimi vəhşini də dahi edə bilir…
London hər şeyi ölçüb biçdi və qəti qərar qəbul etdikdən sonra, özünə xas olan qətiyyətlə və ehtirasla işə girişdi. Yazıçı olmaq üçün ona iki şey lazım idi: öyrənmək qabiliyyəti və yazmaq məharəti. O, başa düşürdü ki, aydın yazmaq üçün aydın düşünmək, dərin təfəkkürə malik olmaq lazımdır. Əgər onun savadında çatışmamazlıq, fikirlərində qarışıqlıq varsa, nəyə nail olmaq olar?! Ancaq dəyərli fikirlər dəyərli ifadə tapa bilər. Uğur qazanmaq istəyən həyatın nəbzini tutmalıdır: bu məqsədlə həyatı öyrənməli, öyrəndiyini fikrinin prizmasından keçirib kağıza köçürməyi bacarmalıdır.
Fikrin prizmasını ona Tanrı bəxş etmişdi, həyatı isə özü öyrənməli idi. Universitetdə təhsil almaq ən ülvi arzularından biri olsa da (bir ildən sonra onu bu təhsil ocağına fəxri qonaq kimi dəvət edəcəkdilər), buna vaxt və imkan yox idi. Onun universitetləri həyatın özü idi. Həyatı öyrənmək üçün isə tarixi yaxşı bilmək, biologiyanı – həyatın əmələ gəlməsi və təkamülü haqqında nəzəriyyələri öyrənmək, fəlsəfə ilə yaxından tanış olmaq və elmin neçə sahələrinə baş vurmaq lazım idi. Bütün bunlar onun dünyagörüşünü genişləndirməli, təfəkkürünü dərinləşdirməli, təhkiyəsini gücləndirməli idi. Bütün bunlar bənzəri olmayan, ancaq ona məxsus olan işçi fəlsəfəsini yaratmalı idi. O, qulağını həyatın köksünə qoyub heç kimin eşitmədiyini dinləməyi, dünyada heç kimin demədiyini deməyi bacarmalı idi.
*** *** ***
Çarlz Darvin, Karl Marks və Fridrix Nitsşe – bu şəxslər Cek Londonun mənəvi atası olmuşlar. Onun özü isə bu üç nəhəngin törəməsi kimi meydana çıxmışdır. XIX əsrin axırlarında amansız hücumlara məruz qalan bu 3 inqilabçının əsərlərini öyrənmək özü də böyük cəsarət tələb edirdi. Bu nəhəngləri başa düşmək üçün iti ağıl, dərin təfəkkür lazım idi. Cekdə bunlar hamısı vardı: o, böyük cəsarət, analitik ağıl sahibi idi. Bu üç müəllim onun həyatını maraqlı, həyat fəlsəfəsini zəngin etmişdilər. Onlar bircə zərbə ilə orta əsr cəfəngiyatını Cekin beynindən çıxarıb atmış, onu güclü məntiq, dərin təfəkkürlə, orijinal işçi fəlsəfəsi ilə silahlandırmışdılar. Cek də borclu qalmamışdı, onların fəlsəfi nəzəriyyələrini bədii formada bütün dünyaya çatdırmışdı. Şübhəsiz ki, Darvin “Əcdadların harayı”nı, Marks “Dəmir daban”ı, Nitsşe “Dəniz canavarı”nı oxusaydı, razı qalardı. Bəlkə də, ayağa durardı…
Cek Londona ən çox təsir edən yəqin ki, taleyi onun təleyinə oxşar olan Fridrix Nitsşe olub. Keşiş oğlu olan Nitsşenin qatı mövhumatçılıqdan çəkdiyi əziyyətləri, Cek anasının məşum spiritizmindən (ruhlarla ünsiyyət seansları – Q.A) az çəkməmişdi. Yəqin ki, bu səbəbdən Cek dini hisslərin hər cür təzahürünə, hər cür mövhumata qarşı üsyan etməyə hazır idi. O yazırdı: “Mən əminəm ki, öləndən sonra insan əli ilə əzilən adi mığmığadan heç nə ilə fərqlənməyəcəyəm”. London xristian dinini mənasız mərasimlər altında pərdələnən adi uydurma hesab edirdi. O, bir filosof kimi bilirdi ki, dərk olunmamış azadlıq vəhşiliyə gətirdiyi kimi, dərk olunmamış inam da köləliyə gətirir.
Cek təbiətcə azad insan idi və insan beynini dumanlandıran, hər şeyi kor-koranə qəbul etməyə əsaslanan ehkamlar təlqin edən, müstəqil fikirləri şikəst edən dini insanlığın düşməni hesab edirdi. Din insana öz planetinin sahibi olmağa imkan vermir, deməli öz həyatını maraqlı və zəngin etməyə imkan vermir. Nitsşedə Cek özünün bu fikirlərinin təsdiqini tapdı. Şübhəsiz ki, Nitsşe xristianlığa qəbir qazmışdı – onun “Antixrist”inə başqa ad vermək olmazdı. Nitsşe Cekə fövqəlbəşər insan ideyası verdi – öz həmcinslərini ağlı, istedadı, gücü ilə geridə buraxan fövqəlbəşər insan bütün sədləri aşmağa, kütləni öz arxasınca aparmağa qadirdir. Sonralar London bu ideyanın təsdiqini Maksim Qorkinin “Foma Qordeyev”ində də tapdı. Fövqəlbəşər insan ideyası Cekin ürəyindən oldu, çünki o, özünü bütün sədləri aşıb qələbə qazanmağa qadir fövqəlbəşər hesab edirdi.
Nə qədər qəribə olsa da, fövqəlbəşər insan fəlsəfəsinin sosializmi zəiflərin və qabiliyyətsizlərin cəmiyyəti kimi rədd etməsi Ceki narahat etmirdi. Cek individualizmə (oxu: nitşeanizmə) və sosializmə (oxu: marksizmə) - onlar bir-birini birmənalı olaraq inkar etsə də – eyni dərəcədə sitayiş edirdi. Onun bütün yaradıcılığının ziddiyyətlərlə dolu olması da elə burdan irəli gəlirdi. O, bütün ömrü boyu, eyni zamanda həm individualist, həm də sosialist olaraq qalmışdı. İndividualizm ona özü üçün lazım idi: axı, o fövqəlbəşər insandır, qalibiyyət daşıyıcısıdır. Sosializm isə zəiflərin, müdafiəsizlər və köməyə ehtiyacı olanların nəsibidir. Cek də özünü belələrinə dayaq hesab edirdi. O, ömrü boyu, əks tərəflərə dartsalar da , bu iki “fəlsəfə köhləni”ndə çapmağa nail olmuşdu.
*** *** ***
Cekin gözündə dünyanın ən böyük möcüzəsi söz idi – sevindirən, ağladan, düşündürən, adamın əlindən tutub qəlbinə girən söz. “Martin İden”də onun sözə bağlılığı çox gözəl təsvir olunur. Ağır elmi kitabları o, həmişə lüğətlə oxuyur, başa düşmədiyi sözləri yazır, əzbərləyirdi. Bu sözləri kiçik kağız parçalarına yazıb, güzgünün qıraqlarına sancırdı ki, üzünü qırxanda, ya başını darayanda gözünün qabağında olsun. Otaqda ip çəkib çətin sözlər yazılan kağızları bu iplərdən asırdı ki, başını qaldıranda gözünə sataşsın. Cibləri bu kağızlarla dolu idi, kitabxanaya, ya qonaq gedəndə yol boyu əzbərləyirdi, yatanda da bu kağızlarla yatır, yuxuda da bu sözləri görürdü. İş zamanı hekayəsində, ya məqaləsində dəqiq, iti bir söz işlətmək lazım gələndə, yüz sözün içindən lazımlısını asanlıqla tapır, bu zaman qəlbi sevinclə dolurdu.
“Vaxt! Vaxt! Vaxt!”. Onun vaxtı heç zaman çatmırdı. O, qorxurdu ki, ehtiyac və aclıq qələmi əlindən alıncaya qədər heç nəyə nail ola bilməsin. O, həvəssiz halda hekayəsini yarımçıq qoyub ayağa qalxırdı ki, elmi məqaləsini tamamlasın. Çətinliklə fəlsəfədən ayrılırdı ki, kitabxanaya gedib lazımı jurnalları vərəqləyə bilsin. Böyük çətinliklə kitabxanadan çıxıb qəlbinin xanımı ilə görüşə gedirdi, baxmayaraq ki, onun yanında keçirdiyi vaxt Cekin yeganə istirahət saatları idi. Cek gündə yüzlərlə şeir oxuyurdu və əzbərləyirdi – bunlar ahəngdar üsluba yiyələnmək üçün lazım idi. O, istəyirdi ki, sözlər onun beynində melodiyalar bəstəkarın beynində səsləndiyi kimi səslənsin və çağırılmamış, öz-özünə onun beynindən kağız üzərinə axsın. Təbiət onu şair yaratmışdı və bu, doğrudan da belə idi – onun nəsri poeziya, poeziyası musiqi idi...
*** *** ***
“Mənə elə gəldi ki, qarşımdakı Marks, ya da Bayrondur. Mən o dəqiqə hiss etdim ki, tarixi şəxsiyyətlə üz-üzə durmuşam” – rus əsilli jurnalist Anna Strunskaya Cek Londonla birinci tanışlıqdan sonra yazırdı: “Həyatda isə o, tünd rəngli uzun kirpiklərin dövrəyə aldığı mavi gözləri maraqla baxan, hər dəfə xoş təbəssümlə gülümsəyəndə çatışmayan iki qabaq dişi mırıq görünən, orta boylu (175 sm – Q.A) cavan oğlan idi. Ağzı, burnu, çənəsi, güc yağan boynu antik heykəli xatırladırdı, elə bil ki, daşdan yonulmuşdu. Mütənasib qamətində atlet gücü his olunurdu. Mənə demişdilər ki, o, peşəkar yazıçı və qatı sosialistdir, küçə mitinqlərində çıxış edir”. Sonralar Anna Strunskaya yazırdı: “O heç kimin qarşısında əyilmirdi, heç kimə yaltaqlanmırdı, heç kimi razı salmağa çalışmırdı, buna baxmayaraq hamı onu sevirdi. Çünki onunla tanış olmaq məhəbbətlə yoluxmaq kimi bir şeydi. O, göründüyü kimi idi və olduğu kimi görünürdü. Onun gülüşü, danışığı, baxışları ətrafındakılara canlı təsir bağışlayırdı, o, harda peyda olurdusa, hamı gülməyə, danışmaqla başlayır, hamı canlanırdı. Ondan elə bil ki, enerji, işıq yayılırdı, qaranlıq otağa girsəydi, otaq işıqlanar, mürgü vuranlar ayılardı”…
“Kişilik - mənim yeganə tələbim budur” – Cek Londan “Con – Arpa dənəsi”ndə yazırdı: “Gözünü qırpmadan zərbə alan, ya təhqirə dözən, cavab verməyən insan var gücü ilə mənəviyyatdan, böyük hisslərdən danışsa da, beləsi mənim ürəyimi bulandırır. Cəsarəti olmayan insan, mənim gözümdə, ləyaqəti olmayan insandır. Mən düşmənçilik etmək, kin saxlamaqla da yoxam. Cavabını ver və unut. Unut və bağışla. Mən dostlarıma qarşı mərd və ürəyi açığam, onların eyiblərini üzlərinə deməyi xoşlayıram, amma bu, o demək deyil ki, mən onları sevmirəm”. O, cəsarətli və namuslu idi, həqiqətə doğru gedən ən qısa – düz yolu seçmişdi, özü də düz adam idi – əsil insan olmağın 4 şərti bunlar idi.
Cek Londonun həyat məsləyi sosializm idi, bu ideyanı ona Karl Marks vermişdi. İnanırdı ki, bəşəriyyətin xilas yolu ancaq sosializmdədir: Azadlıq, Bərabərlik və Ədalətdədir. Sosializmin fəlsəfəsini və klassiklərini öyrənir, gecə-gündüz çalışır, çarpışır, bu yolda beyninin və iradəsinin bütün qüvvəsini sərf edirdi. Hər hekayəsinə neçə yüz dollar (indiki kursla neçə min dollar – Q.A) alsa da, günlərlə vaxtını sosialist jurnalları üçün pulsuz məqalələr yazmağa həsr edirdi. O, düşünmürdü ki, insan bir günə sosializm qurmalıdır və yaxud da sosializm qurmaq üçün yenidən doğulmalıdır. Düşünürdü ki, sosializm qansız və inqilabsız olsun, təkamül yolu ilə qurulsun. O, xalqa sosializmin mahiyyətini başa salmaq, sənayeni, təbii sərvətləri və dövlət aparatını ələ almağın yollarını öyrətməyin tərəfdarı idi. Əgər bu, kapitalizmin günahı üzündən təkamül yolu baş tutmazsa, o, bir marksist kimi inqilab etməyə, əldə silah barrikadalarda döyüşməyə hazır idi.
*** *** ***
“Mən möhkəm adamam”– Cek London yazırdı: “Məni tanıyanlar bunu bilirlər, gec ya tez, buna illər lazım gəlsə belə, məqsədimə çatmasam dayanmaram. Bu yolda məni ancaq İsrafilin qiyamət gününə çağıran suru saxlaya bilər. Mən məqsədimə doğru maqnit əqrəbinin şimala doğru can atdığı bir inadkarlıqla can atıram. Məni vurun, əzin, sındırın, xeyri yoxdur, mən yolumdan dönən deyiləm. Həyat mübarizədir, mənsə bu mübarizəyə hazıram. Mən daşdan və məntiqdən yoğrulmuşam, oddan və sudan və keçmişəm. Əgər belə olmasaydı, keçdiyim yolların birində çoxdan boynumu sındırmışdım”.
C. Londonun K. Consun «Yol fəlsəfəsi» əsərinə yazdığı rəyi onun sənət kredosu hesab etmək olar: «Əgər, siz maraqlı mövzudan yapışmısınızsa – gərgin həyat, insan taleləri, romantika, dramatizm və realizm – lənət şeytana, ondan bərk yapışın. Oxucuya yol fəlsəfəsini nəql etməyi öz boynunuza götürməyin, qoy bunu sizin qəhrəmanlarınız etsin – işlərilə, əməllərilə, sözlərilə. Stivensona və Kiplinqə diqqət edin, görün onlar necə özləri kənara çəkilir, qəhrəmanları isə yaşayır, adamların qəlbinə girir, səhərə kimi lampanı söndürməyə qoymur. Hər hansı kitabın ruhu müəllifin kənara çəkilməsini tələb edir. Nəql etmək lazım deyil – şəklini çəkmək, yaratmaq, göstərmək lazımdır. Bir-birinə hörülmüş yüz söz, yüz mənasız kitabdan qiymətlidir. Axı, siz bağçada gül dərəndə qarşınıza çıxan hər otu-ələfi yığmırsız, güllərin qəşəngini, ətirlisini seçməyə çalışırsınız. Ədəbiyyat da belədir, fikirlərin ən mənalısını, sözlərin ən yaxşısını seçmək və yerində işlətmək lazımdır. Bu zaman özünüzü yaddan çıxarın, unudun, tamamilə əsərinizin quluna çevrilin. Bax, onda Dünya sizi unutmaz”.
Cek London “Martin İden”də öz taleyini təsvir etmişdi, deyirdi qısa, lakin qaynar həyat arzusundayam. XX əsrin kəhkəşanında bir kometa kimi parlayıb, sonra sönmək istəyirəm. İstəyirəm ki, bu kometanın işığı göylərdə sönsə də, ürəklərdə bu dünya durduqca yaşasın. Parlaq alovla, sürətlə yanmaq, dünyanı işıqlandırmaq istəyirəm, asta-asta tüstülənib insanların gözünə dolmaq, hamını yormaq istəmirəm. Mən özüm özümün matəm mərasimlərində iştirak etmək istəmirəm, işimi görən kimi dərhal bu dünyadan getmək istəyirəm. İstəyirəm ki, ölüm məni haqlayanda əlinə heç nə keçməsin - axırıncı fikir də, axırıncı mis pul da xərclənib qurtarmış olsun...
MİA.AZ
BU QURUMLARA PUL AYRILIDI - Sərəncam verildi
Türkiyədə daha bir kriminal dəstə çökdürülüb - Nazir əhaliyə "Siz şikayət edin, biz təıdbir görək" xəbərdarlığını etdi
İstanbulda ictimai nəqliyyatda gediş haqqı bahalaşıb
BQXK Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkiblər
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
İzmirdə FETÖ əməliyyatı: daha 17 nəfər həbs edilib
Türkiyə kəşfiyyatı iranlı qondarma təşkilat qurucusu və mühafizəçisini zərərsizləşdirib - İraqda
"Lalə Şövkətin oğlu Lalə xanımın adından yalan danışır” - Əvəz Temirxandan Sidqi Şövkətə sərt etiraz gəldi, qalmaqal böyüyür
Deputatın şirkətini cərimələdilər
İlham Əliyev Baş katibi qəbul edib - FOTO
"İsa Qəmbərə 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər?” - Partiya sədri pensiyadan gileyləndi, DSMF şəxsi sirri açdı
Hüseynbala Mirələmovun səhhətində problem yaranıb? - "Hazırda Türkiyədə xəstəxanadayam"
Öcalan ev dustaqlığına buraxılır? - Ərdoğan suala belə cavab verdi
Qəzzada 2 ev bombalanıb - 18 fələstinli həlak olub, yaralılar var
"Taliban" Quantanamodakı əfqanların azadlığına çalışır: "ABŞ-a məhbus mübadiləsinə hazır olduğumuzu dedik, lakin..."
MN: "Goranda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək"
Xətaidə 42 yaşlı Seymur Əliyev saxlanılıb - 33 kiloqram narkotiklə
Əli Əsədov qərar imzalayıb
Bərdədə silah satmaq istəyən şəxs saxlanılıb
Məşhur aktyorun adı ilə sensasion dələduzluq: dizayner necə "tora" alınıb? - 830 min "havaya uçub" (FOTO)
Cənubi Koreya prezidenti 7 saatlıq əməliyyatla saxlanılıb - Cangüdənlərlə polis toqquşub
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bakıda icra başçılarına qadağa qoyulub - Nə baş verir?
Dövlət işə qarışdı, dünyanın ən böyük şirkətininn hasil etdiyi qızıllara həbs qoyuldu - Kanada şirkəti bəyanat yaydı
Cəlilabadda əməliyyat: 28 yaşlı rayon sakini tutulub
SEC Maska qarşı iddia qaldırıb - 150 milyonliuq iddianın detalları
Rəsmi Bakıdan ABŞ səfirinin Bəxtiyar Hacıyevlə bağlı sözlərinə reaksiya: "...bu, daha çox siyasi maraqlara əsaslanır”
Gürcüstanın sabiq baş nazirini döyüblər
İsrail Qəzzada xəstəxananı mühasirəyə alıb - Yaralılar var
ABŞ-ın büdcə kəsiri azalıb - Hesabat
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Bakıda şok olay: 34 yaşlı kişi özündən 8 yaş böyük sevgilisini maşınla birlikdə dərəyə yuvarlayıb
“Yüz ilin Naxçıvanı” adlı kitabının təqdimatı keçirilib - FOTOLAR
Rıza Çalımbay getdi, Sergen Yalçının köməkçisi gəldi - Superliqada daha bir dəyişiklik
“QARA YANVAR”ın şahidi Reza Deqati... - TARİXİ FOTOLAR
Məşhur məşqçi 30 illik arvadından boşanıb
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub
Xırdalanda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Prezident İlham Əliyev Sazişi təsdiqləyib
Məşhur müğənni yeni sevgilisi ilə görüntülərini yayıb - FOTOLAR
Lənkəranda balıqçılar Xəzərdə itkin düşüb - VİDEO
“Qala Sığorta” ASC müəmması və ya fərqli qİymətlərlə anlaşmalar...
Sabah Bakının bu ərazisində qaz olmayacaq
MEDİA-nın Müşahidə Şurası toplanıb: nələr müzakirə olunub? - FOTOLAR