QARA YANVAR 

img

19-01-2023 [09:17]


Qalib ARİF,

(“İnsani fəlakət” romanından)

***

Gecə saat 12-yə az qalırdı...

Atası evə çörək yeməyə gəlmişdi. O da hamı ilə birlikdə yaxınlıqdakı (indiki) 20 Yanvar metro-stansiyasının üstündəki piketdə növbə çəkirdi. Gündüzlər Aqşin də onun yanında olurdu, piketdə gedən söhbətlərə diqqət edirdi. Onda 10-cu sinifdə idi, Vətən torpağına, doğma şəhərə canlı sipər olmaq istəyən bu insan kütləsi onu özünə cəlb edirdi. Sevirdi Cənubi Azərbaycan, Qərbi Azərbaycan, Şimali Azərbaycan haqqında söhbətləri, üzdə gülüb, dalda namərd çıxan mənfur qonşularımız haqqında əsl həqiqətləri... Gecələr atası onu evə göndərirdi, "iki kişidən biri evdə olmalıdır" deyirdi.

Həmin gün atası evə gələndən az sonra Biləcəri tərəfdən fişənglər atılmağa başladı. Atası yeməyini yarımçıq qoyub getməyə hazırlaşdı. Aqşin də isti gödəkçəsini geyib ondan geri qalmaq istəmədi. Aqşinin anası qapını kəsdi: «Hara gedirsən, Məmməd. Bizi kimin ümidinə qoyub gedirsən...» Elə bil, ürəyinə nəsə dammışdı...

Bu zaman yuxudan yarımçıq oyanıb gələn Nərgiz də qollarını arxadan atasının boynuna doladı. «Siz narahat olmayın» - atası onları sakitləşdirdi. «Yəqin uşaqlar atəşfəşanlıq edirlər. Bir də, xalq küçələrdədir, Fatma. Mən də orada olmalıyam. Axı, sən yaxşı bilirsən: mən yanmasam, sən yanmasan, biz yanmasaq...» Sonra üzünü Aqşinə çevirdi: «Oğlum, sən evdə qal, anandan, bacından muğayat ol. Mən bir də səhər yeməyinə gələrəm». Nərgizin qollarını boynundan açdı, üzündən öpdü. Getdi...

Səhərə kimi gözlədilər. Gəlmədi. Səhərə kimi tank gurultusu, güllə səsləri də kəsilmədi. Gecə Aqşin neçə dəfə getmək istədi, anası ağladı, buraxmadı.

Səhər tezdən evdən çıxdı. Hələ işıqlanmamışdı. Şəhərin üstündən sanki qara pərdə asılmışdı. Bir azdan hava işıqlanacaq, bu qara pərdə isə uzun müddət qalacaqdı. Aqşin onda hələ bunları bilmirdi. Əvvəl indiki 20 Yanvar metrosunun üstünə, atasının dostları ilə durduğu yerə gəldi. Demək olar ki, adam yox idi, olanlar da hara isə tələsirdilər. Narahat olmadı - tezdən hamı dağılır, tək-seyrək adam qalırdı. Amma ətrafda əzilib dağılmış yük maşınları, avtobuslar gözə dəyirdi. Bir də yuxarıdan, deyəsən Biləcəri tərəfdən tankların gurultusu gəlirdi. Aqşin aralıdan keçən iki nəfərə yaxınlaşdı. Ona əhəmiyyət vermədilər, hara isə tələsirdilər. Amma qulağına «Qırmızı İmperiya», «Qorbaçov», «cəllad» sözləri dəydi. Onların dalınca getdi. Tələsik deyilən qırıq-qırıq fikirlər qulağına çatdı: «Gecə tankları əliyalın adamların üstünə sürüblər..., piketi dağıdıblar.., camaatı qırıblar..., meyitləri dənizə töküblər...»

Yaxşı indi o, nə etsin, kimin yanına getsin,atasını harda axtarsın. Yolun o tərəfindən keçən bir nəfərin arxasınca yüyürür. O, ayaq saxlayır, ağsaqqal adamdır. Deyir piketləri dağıdıblar, camaatı qırıblar, meyitləri heç yerdə yoxdur, əzizlərini axtaran çoxdur. O da oğlunu axtarır. Üç gündür ki, gedəndir, bir xəbər yoxdur. Soruşur Salyan kazarmalarının yanında olmamısan? Deyirlər, orada ölən lap çoxdur.

Aqşin Tiflis prospektinə çıxdı, Salyan kazarmalarına doğru qaçmağa başladı. Yollarda adam yox idi, arabir yanından ötən tanklar guruldayırdı. Aqşin bu zaman bilmirdi ki, ölüm nə qədər yaxındır, hər tankın içindən boylanır. Amma Aqşin onu görmədiyi kimi, ölüm də Aqşini görmürdü. O, Salyan kazarmalarının prospektə çıxış qapısına çatanda hava yavaş-yavaş işıqlanırdı. Burada da adam az idi. Deyirdilər ki, yaralıları və meyitləri təcili yardım maşınlarında səhərə kimi daşıyıblar. Deyirdilər ki, tanklar təcili yardım maşınlarına, qırmızı xaçlara da atəş açıblar, həkimlərin içində də ölənlər var. Ancaq Aqşinin atası həkim deyildi, onu həkimlər maraqlandırmırdı - o vaxtlar o, çox şeyi başa düşmürdü. Burada da dayanmayıb Salyan kazarmalarını o biri qapısına doğru qaçmağa başladı. Avtovağzalın ətrafında gözünə konserv qutusu kimi əzilmiş minik avtomobilləri dəydi. Nömrələrinə baxdı, hamısı xüsusi maşınlar idi.

«Olimp»in qabağında tək-tük adamlar gözə dəyirdi. Aqşin buradan sağa dönüb «Xəzər» kino-teatrına doğru qalxmaq istəyirdi. «Olimp»dən azca yuxarı, xəstəxananın yanında gördüyü mənzərə heç vaxt yadından çıxmaz. Bura xeyli adam yığışmışdı. Aqşin yaxına gəldi. İki nəfər bir-birini qucaqlayıb ölmüşdü. Hər ikisi kişi xeylağı idi. Heç birinin saçına dən düşməmişdi. Cavan imişlər. Adamlar onların necə öldüyündən danışırdılar, meyitlərin vəziyyəti də elə bunu göstərirdi. Görünür, onların birinə güllə dəyib, yıxılıb. O biri ona kömək etmək istəyib. Dizi üstə çöküb, bir əlini onun başının altından, o birini dizlərinin altından salıb, qaldırmaq istəyib. Bu anda onu da vurublar. Köməksiz halda kömək etmək istədiyi adamın üstünə yıxılıb. Qardaş qanı axıb bir-birinə qarışıb...

... Yəqin indi onları da əzizləri axtarır... Bir anlıq ağlına gələn bu fikirdən Aqşin dəhşətə gəlir, qışqırmaq, qaçmaq, anasının qucağına sığınmaq istəyir. Ancaq utanır, bir də ətrafında adamlar var idi, bu, onu sakitləşdirdi. O, əyilib ölülərin üzünə diqqətlə baxdı. Sonra paltarlarına baxdı. Yox, bunların heç biri onun atası deyildi. Ürəyindən ani bir sevinc keçdi - qığılcım kimi...

Nəhayət «Xəzər» kinoteatrının qarşısına gəlir. Burda adam daha çox idi. Meyitləri ortaya yığmışdılar. Üzləri açıq idi. Aqşin bir-bir diqqətlə baxır. Meyitlər bir-birinə oxşayır: dartılmış üzlər, bərəlmiş gözlər, ağaran dişlər... Yox, deyəsən atası burada da yox idi. Aqşin bayaqkı sevinc hissini bir də keçirir. Ani olaraq, bu hissdən utanır, xəcalət çəkir...

Birdən diksinir. Bayaqdan bəri gördükləri onu dəhşətə gətirirdi, indi tükləri biz-biz olur. Bu oğlanın üstündən, deyəsən, tank keçib. Bədəni tamamilə asfalta qarışıb. Aqşinə elə gəlir ki, tırtılların yeri görünür. Gözləri tamamilə hədəqəsindən çıxıb, ağzı əcaib surətdə əyilib. Həyatının son anlarında çəkdiyi müdhiş əzablar üzündəki dəhşətdə həkk olunub. Bir əlini göylərə doğru uzadıb, bəlkə, Allahdan kömək istəyirmiş. Diqqətlə baxanda görünür ki, hələ üzünü qırxmırmış. «Mənimlə yaşıd olub». Aqşin elə səkinin üstündəcə oturur, heç kimdən utanmadan hönkürə-hönkürə ağlayır. Kim isə onu sakitləşdirmək istəyir, o biri deyir ki, dəymə, qoy ağlasın, indi bütün millət ağlayır.

Aqşin ağladıqca ağlayır, ovuna bilmirdi. Ürək yanğısını yuya bilmirdi göz yaşları. Öz dərdini çəkə bilmədiyi bir yaşda millətin dərdini çəkmək yazılmışdı taleyinə. Bəlkə gördüklərinin yanğısı idi göz yaşları, gözlərindən çıxırdı. Çıxdıqca ürəyi boşalırdı, qəlbi yumşalırdı... Ona görə də qət etdi ki, bir də ağlamasın. Atası da deyərdi ki, ağladıqca kişi qeyrətsiz olur...

Sonrakı bir həftəni əmisi oğlu ilə birlikdə ölüxanalarda keçirdi. Əmisi oğlu məhkəmə eksperti - həkim idi. Əvvəl Aqşini özü ilə aparmaq istəmirdi, sonra inadını görüb razılaşmışdı. Bu dar, uzunsov, soyuq otaqlarda bir həftəlik axtarış bir nəticə vermədi. Xəstəxanalarda da Aqşinin atasını gördüm deyən yox idi. İş yoldaşları isə deyirdilər ki, həmin gecə evə çörək yeməyə gedəndən sonra görməyiblər.

Aqşin tez-tez Şəhidlər xiyabanına gedirdi. Naməlum şəhidlərin qəbri qarşısında dururdu... «Bəlkə, bunların biri mənim atamdır...» Sonra gətirdiyi qırmızı qərənfilləri qəbirlərin üstünə qoyurdu. Deyəsən, o, tək deyildi, çünki naməlum şəhidlərin qəbri üstündə tez-tez tər çiçəklər olurdu…

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq