Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyak www.net-fax.org saytına müsahibəsində sabiq nazir Səfər Əbiyevi ittiham edib.
Mia.az "Media forum”a istinadən xəbər verir ki, Vasyak deyib ki, Əbiyevin günahından ordu quruculuğunda və onun modernləşdirilməsində durğunluq yaranmışdı: "Cənab Əbiyev ordu sistemini özünə uyğun şəkildə qurmuşdu – məsul vəzifələrə ona sərfəli və sadiq adamları təyin edir, professional zabitləri isə ordudan tərxis edərək və ya üçüncü dərəcəli vəzifələrə keçirərək yolundan kənarlaşdırırdı.
Vasyak əlavə edib ki, Əbiyevi nazir vəzifəsindən götürməklə ali baş komandan onun fəaliyyətinə qiymət vermiş olub və bu qərarı cəmiyyətin bütün sağlam qüvvələri, ilk növbədə əsgər, zabit və generallar alqışlayır.
Xatırladaq ki, oktyabrın sonlarında Zakir Həsənov Silahlı Qüvvələrin keçmiş zabiti general-mayor Aleksandr Vasyakı Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə rəis təyin edib. Aleksandr Vasyak Qarabağ müharibəsinin iştirakçısıdır. Ordudan ehtiyata buraxıldıqdan sonra Ukraynada yaşayırdı.