Sabiq səhiyyə naziri Əli İnsanovun Kərəm Həsənovun rəhbəri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) qarşı şikayəti artıq Ali Məhkəmədə baxışa qəbul olunub. Yaxın günlərdə məhkəmənin keçirilmə tarixi müyyənləşəcək.

 Bu barədə mia.az daxil olan məlumatda bildirilir ki, 11 il azadlıqdan məhrum edilmiş Əli İnsanov 2005-də həbs edilən vaxtı evindən müsadirə götürülən mülk sənədlərinin dublikatını tələb edir: «İnsanov həbs edilərkən onun evindən mənzilinin sənədləri götürülsə də, bu günədək geri qaytarılmayıb. Sabiq nazir indi  həmin sənədlərin ya əslinin geri qaytarılmasını, ya da dublikatlarının verilməsini tələb edir. Maraqlı burasıdır ki, Əli İnsanovun bu tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə prosesi müsbət sonluqla bitib. Yəni məhkəmə İnsanovun tələbini haqlı sayıb. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti birinci insantansiya məhkəməsinin bu qərarından narazı qalıb və bu səbəbdən də apellyasiya şikayəti verib».

 Məlumatda deyilir ki, komitənin verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılıb: «Hakim bu ilin sentyabr ayının 17-də qərarını açıqlayıb. Elşanə Vəliyeva birinci məhkəmə instansiyasının qərarını ləğv etməklə yanaşı, Əli İnsanovun iddiasının qeyri-mümkünlüyü haqda da qərar qəbul edib. Təbii ki, hakimin bu qərarı sabiq nazir tərəfindən narazılıq doğurmalıydı. İnsanovun vəkillərinin bu qərarla bağlı Ali Məhkəməyə etdikləri şikayət də artıq ünvanına yetişib. Yəqin ki, yaxın günlərdə şikayət üzrə Ali Məhkəmədə prosesə start veriləcək».