Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb:
"Həmçinin virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.
- Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.
- Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.
- Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.
Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:
5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.
Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq".