Bu gün sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı baxış iclası keçirilib. Gülər Əhmədova çıxışında iki xahişi olduğunu bildirib:
"KİV mənim haqqımda fantastik informasiyalar verir, heç birinə reaksiya vermək fikrim yoxdur. Onları vicdanları qarşısında qoyuram, Allaha tapşırıram. Azərbaycanda Diffamasiya haqda qanun qəbul olunmayıb, lakin istintaqa təqdim olunan cinayət işində 3 ton qəzet materialı var. Onun 80-90 faizi jurnalistlərin təxəyyülünün məhsuludur. Lakin indiyə qədər KİV-də gedən heç bir materiala görə bir jurnalist də məhkəməyə çağırılmayıb, sorğulanmayıb.
Sabiq millət vəkili həmçinin deyib ki, 2012-ci ildə Elşad Abdullayevin videoları yayımlanandan sonra mən öz mandatımdan imtina etdim, bu demokratiya və dövlətçilik naminə atılmış addım idi. Bunu nəzərə almağınızı xahiş edirəm. Təəssüf ki, bunu heç kim dəyərləndirmədi. Mən Elşad Abdullayevlə sadəcə tanış idim, onunla adətən dövlət tədbirlərində görüşürdük. Lakin isti münasibətlərimiz olmayıb. Sevinc Babayeva ilə isə YAP-ın tədbirlərinin birində tanış olmuşuq. Həmin vaxt yanımda əyləşmişdi, isti münasibətimiz olmayıb. Həmişə də hansısa məqsədlə, xahiş üçün mənə yaxınlaşıb. Bəzi yerlərdə onu rəfiqəm kimi təqdim edirlər, bu doğru deyil, heç atasının yasına da getməmişəm. Sevinc mənim köməkçim də olmayıb. Son dəfə onu Xətai rayonunda keçirilən iclasların birində görmüşəm”.
Sabiq millət vəkili daha sonra vəziyyətindən danışıb:
"Mənim vəziyyətim tragikomikdir. Bilmirəm gülüm, yoxsa ağlayım?".
qafqazinfo.az