Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiyadakı məlum olaylarla bağlı rəsmi açıqlama yayıb. N.İbrahimov açıqlamasında deyir ki, rəhbərlik etdiyi Dövlət Komitəsi Rusiyada yaşayan azərbaycanlılarla əlaqədar yaranmış situasiya haqqında öz mövqeyini rəsmi şəkildə bildirib və bu barədə kütləvi informasiya vasitələrində də geniş məlumat verilib:
"Bir daha qeyd edirəm ki, Orxan Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələbləri pozulub və məişət zəminində baş vermiş bir cinayət hadisəsinin etnik kontekstdə ictimailəşdirilməsi narahatlıq doğurur. Hesab edirəm ki, Azərbaycan dövlətinin və ictimaiyyətinin narahatlığı tamamilə təbiidir. Lakin çox təəssüf hissi ilə vurğulayıram ki, bu qədər böyük ajiotajın yaradıldığı, kütləvi informasiya vasitələrində azərbaycanlılar əleyhinə açıq-aşkar kampaniyanın aparıldığı bir vaxtda bəzi diaspor təşkilatlarının, konkret olaraq Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti (AzərRos) və özünü Rusiyanın Azərbaycanlı Təşkilatlar İttifaqı adlandıran qurumun nümayəndələrinin mövqeyi anlaşılmazdır”.
Nazim İbrahimovun açıqlamasında bildirir ki, Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək məqsədilə İşçi qrup yaradılıb: "Bundan başqa, Dövlət Komitəsi soydaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək vermək, azərbaycanlı icması ilə yerli xalq arasında qarşılıqlı dialoq mühitini inkişaf etdirmək məqsədilə Moskva hökuməti ilə bəzi birgə layihələr də həyata keçirməyi planlaşdırır. Bu barədə ilkin razılıq əldə olunub. Hesab edirik ki, bu cür birgə tədbirlər azərbaycanlı icması ilə Rusiya cəmiyyəti arasında münasibətlərdə pozitiv təsir göstərəcək, həmçinin ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğundur”.
musavat.com