Rusiyada qətldə şübhəli bilinən Orxan Zeynalovun valideynləri bu ölkənin NTV telekanalına müsahibə veriblər. Musavat.com-un məlumatına görə, onlar qətlə yetirilən Yeqor Şerbakovun qohumlarından və bütün Rusiyadan üzr istəyiblər.

Orxan Zeynalovun atası Zahid Zeynalov deyib ki, pedaqoq ailəsində böyüyən oğlundan belə əməl gözləmirmiş. O, oğlunun üç il əvvəl Moskvaya getdiyini, Azərbaycanda imkan olmadığı üçün Rusiyada ticarətlə məşğul olduğunu bildirib

"Mən müəlliməm. Nə deyə bilərəm. İki oğlum, iki qızım var. O, mənə kömək etmək istəyirdi. Ona görə də Moskvaya qazanc dalınca getmişdi. Belə hadisənin baş verdiyinə təəssüflənirəm. Oğlumun əvəzinə üzr istəyirəm. Belə bir şeyin baş verməsini istəməzdim”, - Zahid Zeynalov əlavə edib.