"Azərbaycan özünü xarici risklərdən qoruya bilib. Dünyada, regionda baş verən hadisələr, toqquşmalar, qarşıdurmalar Azərbaycana heç bir təsir etmir. Çünki ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik bizi bu risklərdən sığortalayır. Eyni zamanda, iqtisadi sahədə də dünyada gedən xoşagəlməz proseslər Azərbaycana təsir etməyib. Dünyada beş ildən artıqdır ki, maliyyə və iqtisadi böhran hökm sürür. Ancaq Azərbaycanda vətəndaşlar bunu hiss etmirlər. Əksinə, Azərbaycanda maaşlar, pensiyalar artırılır, yeni iş yerləri açılır, investisiyalar artır. Yəni, biz dünyada baş verən iqtisadi çətinliklərdən də özümüzü qoruya bilmişik. Belə olan halda biz əlbəttə ki, cəmiyyətimizi, dövlətimizi korrupsiyadan da qorumalıyıq və qoruyacağıq”.
Musavat.com-un məlumatına görə, bunu prezident İlham Əliyev Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında deyib.
"Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə var. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər var. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi, məhz bütün bu amillər əminəm ki, məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olmalıdır”, - dövlət başçısı əlavə edib.