Milli Məclisin bugünki iclasında spikerin 1-ci müavini Ziyafət Əsgərov seçkilərlə bağlı teledebatlarda ölkə başçısının ünvanına təhqiramiz ifadələr işlədildiyini deyib bundan narahat olduğunu bildirib. O, bu təhqirlərin müəllifi olan müxalifətin hələ də 90-cı illərin təfəkküründə qaldığını bildirib:
"Bunlar inkişaf etmirlər, hələ də İsgəndər Həmidov təfəkkürü ilə yaşayırlar. İndi özünü qəhrəman kimi təqdim edən İsgəndər Həmidov vaxtı ilə dövlət televiziyası ilə Azərbaycan xalqını təhqir edirdi. İndi də Azərbaycan prezidentini təhqir edirlər. Unutmayaq ki, Azərbaycan prezidentinin ən azı üç ali statusu var. O, Azərbaycanın prezidentidir, Azərbaycanın ali baş komandanıdır, Azərbaycanın ali icra başçısıdır. Amma bu statuslar pozulur və müxalifət tərəfindən təhqir olunur. Biz isə prezidentimizi hüquqi mənada qoruya bilmirik”.
Z. Əsgərov konstitusiyanın 106-cı maddəsini xatırladıb: "Həmin maddədə prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı açıq formada göstərilir. Amma bu gün bu maddə ciddi şəkildə pozulur. Ona görə də mən təklif edirəm ki, bu maddəyə əsasən, ayrıca qanun qəbul edək və bu məsələni ciddi nəzarətə götürək”. Z.Əsgərov payız sessiyasında bu qanun layihəsinin təcili müzakirəyə çıxarılmasını təklif edib və deputatlardan dəstək istəyib.
Deputat Aytən Mustafayeva da Z.Əsgərovun təklifini müdafiə edib: "Namizədlərdən hansı çıxış edib dedi ki, mən bunu cənab İlham Əliyevdən yaxşı edə bilərəm, ya Azərbaycanı xaricdə daha yaxşı tanıda bilərəm? İnsan hüquqlarının həddi-hüdudu var”.
Fəzail Ağamlı da Z.Əsgərovu dəstəkləyib: "Biz bu qanunu hökmən qəbul etməliyik. Necə ki, Azərbaycanın atributları olan himnə, gerbə hörmət olunur, o cümlədən vacib atributlardan biri də prezidentdir”.
musavat.com