A.Təvəkküloğlu modern.az-a açıqlamasında bildirib ki, parlamentin 2013-cü il payız sessiyasının qanunvericilik işlər planına 15 məsələ daxildir: "Lakin bu, son rəqəm deyil. Payız sessiyası dövründə Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında xeyli sayda qanun layihəsi daxil olur. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokrorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri də Milli Məclisə daxil olduqdan sonra onlara baxılır və müzakirə olunaraq qəbul edilir”.
"Azərbaycanda da sponsorluq haqqında qanun qəbul oluna bilər”. Bunu isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib. Deyib ki, dünya təcrübəsində mövcud olan belə bir qanun Milli Məclisin komitə iclaslarında müzakirə olunur:
"Əlbəttə, yerli şərait, səviyyə hazırlığı nəzərə alınmalıdır. Çünki elə şeylər var ki, mütləq yerli gerçəkliyə uyğun hesablanmalıdır. Məsələn, ilk növbədə sponsorların vergidən azad olunmasını əsas göstərici götürsək, onda burada xeyli konyuktur məsələlər çıxa bilər. Məsələn, sponsorluğu hüquqi şəxs, müəssisə edəcəksə, o, verginin hansı hissəsindən azad olunmalıdır? Ola bilsin ki, kimsə vergidən azad olmaq üçün mədəniyyət sahəsinə sponsorluq etsin, amma onun ayırdığı vəsait çox cüzi olsun. Yəni qanun yaradılacaqsa, burda əsas məsələ sponsorun cəmiyyətin xeyrinə nə qədər iş görə biləcəyi nəzərə alınmalıdır”.