XEYBƏR GÖYYALLI
***
Son onillikdə bütün dünya qrip virusunun həyəcan və qorxusu altında yaşayır. Dürlü-dürlü qrip adları meydana çıxıb: quş qripi, donuz qripi, ebola qripi və s.
Son günlər isə dünya informasiya vasitələrində daha dəhşətli bir kabus dolanır. Çində yaranmış , adına koronavirus deyilən qrip dünya informasiya vasitələrinin gündəmini zəbt edib. İlk baxışda öldürücü xəstəliyin gündəm olması təbiidir, əslində, belə də olmalıdır. Maarifləndirmə, təbliğat və xəstəliyə qarşı profilaktik tədbirlər barədə informasiyaların tirajlanması kütləvi informasiya vasitələrinin dəyişilməz missiyasıdır. Tarixən belə olub və belə də olacaqdır. Amma bir “əmması” var. “Əmması” odur ki, gündəmi zəbt etmiş mövzunun özü öldürücü virusdan daha çox insanları öldürür. Texnologiyanın sürətli inkişafı sayəsində qloballaşan dünyamızda informasiya işıq sürəti ilə yayılır. İnternet erasını yaşayan dünyada artıq hər bir fərdin (əslində, yazmaq fərdə yox, şəxsə məxsus olmalıdır) informasiya yazmaq və yaymaq imkanı mövcuddur. Özlüyündə bu yaxşı haldır, hər kəs bilgisini yayır.
Bunun da yenə bir “əmması” var. Bir ağıllının və yaxud bir dəlinin ağına-bozuna baxmadan, informasiyanın”yükünü”, yaradacağı fəsad və fəlakətləri göz altına almadan , sanki bir “ilkə” imza atırmış kimi eşitdiyi hansısa bir məlumatı tələm-tələsik, heç bir mənbəyə istinad etmədən, yoxlamadan yazması və yayması insanlar üçün ciddi problemlərin yaranmasına səbəb olur. Bu günlərdə Çində yaranmış qrip barəsində internet resurslarında xəstəliyin özündən də öldürücü olan “informasiya virusları” yayılır. Bu cür informasiyaların məqsədli olaraq yayılması da var və bu başqa bir söhbətin mövzusudur.
Dünyanın bəzi informasiya mənbələrində yayılan, ancaq heç bir əsası olmayan və heç bir məntiqə və insanlığa sığmayan qandonduran məlumatları ölkəmizdə fəaliyyət göstərən bir çox saytlar da tələm-tələsik yaydılar. Bu cür informasiyaları ağına-bozuna baxmadan, tələm-tələsik dərc edənlər yalnız bir məqsəd güdürlər: qabağa mən düşüm, qorxu, həyəcan , vahimə və öz ritorikaları ilə desək, şok effekti yaradan xəbəri birinci mən yayım. Yəqin, oxucuların əksəri bu günlərdə qrip virusunun tüğyan etdiyi Çində milyonlarla insanın diri-diri yandırılacağı haqqında yayılmış informasiyanı oxumuşlar. Bu informasiyanı yayan saytlar ən azından peşəkarlıq nümayiş etdirməli və özlərini ”sığortalamalı” idilər. Bunu etmək elə də çətin deyildir. Tutaq ki, tələsdiyinizdən informasiyanın əsassız və məntiqsiz olduğunu saf-çürük etmədiniz, bəs xəbərin mənbəyini niyə göstərmirsiniz? Əslində, bu cür məqamlarda xəbərin linkini belə qeyd etmək vacibdir. Əks təqdirdə, oxucunun tam ixtiyarı var ki, informasiyanın konkret bir sayt tərəfindən yalandan yazıldığı qənaətinə gəlsin.
Tarixdən bilirik ki, bəşər övladı saysız-hesabsız epidemiya və pandemiyaların şahidi olub. Tarix dəhşətli taun, cüzam və s.epidemiyalarının şahidi olub. Hələ tibbin indiki səviyyəsi ilə müqayisəolunmaz dərəcədə geridə qaldığı dövrlərində taun və cüzama yoluxmuş topluma qarşı kütləvi yandırma və digər kütləvi
qırğınlar həyata keçirilməyib. Epidemiyaları xatırlamışkən, taunla bağlı bir mühakiməni diqqətə çatdırmaq bu məqamda yerinə düşərdi. Həmin dialoqda taundan soruşulur: sən deyirdin 50 min adam öldürəcəksən, axı ölənlərin sayı çox oldu. Taun deyir:ki, mən dediyim kimi etdim, 50 min öldürdüm, 5 yüz min isə qorxudan öldü. İnformasiya bax budur, taununun yox, qorxunun öldürdüyü. Müdriklərdən kimsə haqlı olaraq buyurub: ”Təhlükə qorxusu təhlükənin özündən on min dəfə qorxuludur”.
Tam əminliklə demək olar ki, Çində tüğyan edən qripin də qarşısı tezliklə alınacaqdır. Belə deməyə müasir tibbin sürətli inkişafı ciddi əsas verir. Ancaq ciddi yanaşmalı daha bir mühüm məsələ var. Bu da informasiyaya olan münasibətdir. İnformasiya adi bir şey deyil. İnformasiya idarəetmədir, özü də sosioloji və psixoloji idarəetmədir. İnformasiya silahdır. Silahla da zarafat edilməz. İnsan canı-qanı, ruhuyla informasiyaya bağlıdır. Lap Nuh əyyamından belədir. Hər formasiyanın özünəməxsus informasiyası olub. İnsan həmişə informasiya ilə yaşayıb və idarə olunub. Yazılan və yayılan informasiya insan beynində həkk olunur, əks-səda yaradır, xoş xəbər sevinc və xoş əhval-ruhiyyə yaratdığı kimi, bəd xəbər də qorxu, həyəcan, vahimə və stressin yaranmasına səbəb olur. İnsan xoşbəxtliyi və bədbəxtliyinin açarı informasiyadadır.
İnformasiya ilə işləyənlər, onu cəmiyyətə çatdıranlar son dərəcə həssas olmalıdırlar. Təsadüfi deyil ki, kütləvi informasiya vasitələri (media) müasir idarəetmənin sütunlarından biri kimi dəyərləndirilir.
Mia.az