Həbsdə olan sabiq deputat Gülər Əhmədova barəsində açılmış cinayət işinin materialları məhkəməyə göndərilib.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, məlumat cinayət işinin baxılacağı Ağır Cinayətlər Məhkəməsindən daxil olub.
Qeyd edək ki, G.Əhmədova barəsində açılmış cinayət işinin ibtidai istintaqı ötən ayın sonunda yekunlaşmış və cinayət materialları tanışlıq üçün müdafiə tərəfinə verilmişdi. Müdafiə tərəfi artıq işlə tanış olduğu üçün cinayət materialları məhkəməyə göndərilib.
Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videolardan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Bu il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.