Sabiq səhiyyə naziri Əli İnsanovun Kərəm Həsənovun rəhbəri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) qarşı qaldırdığı iddia qeyri-mümkün hesab olunub.
Bu barədə mia.az-a daxil olan məlumata görə, 11 il
azadlıqdan məhrum edilmiş Əli İnsanov 2005-də həbs edilən vaxtı evindən aparılan mülklərinə aid olan sənədlərin dublikatını tələb edir: «İnsanov həbs edilərkən onun evindən mənzilinin sənədləri götürülsə də, bu
günədək geri qaytarılmayıb. Sabiq nazir indi həmin sənədlərin ya əslinin geri qaytarılmasını, ya da dublikatlarının verilməsini tələb edir. Ancaq onun bu tələbinə məhkəmə «yox» dedi».
Məlumatda bildirilir ki, Əli İnsanovun bu tələbi ilə bağlı 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verilmiş şikayətə artıq Bakı Apellyasiya Məhkəməsində baxılıb: «Əli İnsanovun şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılıb. Hakim son prosesdə qərarını açıqlayıb. Elşanə Vəliyeva birinci məhkəmə instansiyasının qərarını ləğv etməklə yanaşı, Əli İnsanovun iddiasının qeyri-mümkünlüyü haqda da qərar qəbul edib».
Xəbərdə o da deyilir ki, İnsanovun vəkilləri bu
qərarla bağlı Ali Məhkəməyə şikayət edəcəklər.