Prezidentliyə namizəd, ASDP sədri Araz Əlizadə usta Ruslan Somovun maşınını, maşınının sənədlərini və şəxsiyyət vəsiqəsini girov götürüb. Bu barədə R.Somov özü məlumat verib: "Bu gün maşınım, şəxsiyyət vəsiqəm faktiki olaraq girovluqdadır. Araz Əlizadə maşınımı və sənədlərimi qaytarmır”.
Baş verənləri Ruslan Somov belə anladıb: "8-9 ildir ki, ev təmiri ilə məşğulam. 2012-ci ilin fevralında adını çəkmək istəmədiyim tanışım dedi ki, bir ev var, onu təmir etmək lazımdır. Dedim ki, təmir edərik”.
Usta deyir ki, 7 ay Araz Əlizadənin evində işləyiblər. Bu müddətdə ev sahibi tez-tez işin gedişatı ilə maraqlanıb: "7 ay ərzində həftədə 1 dəfə gəlib işimizə baxırdı. Heç bir söz demirdi. Yanında dizayner və ailə üzvü olurdu. 7 ay orada işləmişik, bu müddətdə heç bir narazılıq, etirazı olmayıb. 1500 manatı istəyəndə dedi ki, işi əyri görmüsüz. Mən də sual verdim ki, əgər iş normal görülmürdüsə, bunu niyə sonda, bizə sonuncu 1500 manatı verməli olduğun halda deməyə başladın?
Faktiki heç bir əyri iş yoxdur. Sadəcə mübahisə yaratmaq istəyirdi. 7 ay ərzində pulumuzu hissə-hissə ödəyirdi. Araz Əlizadə narazılıq edəndə dedim ki, pulu ver, işi yekunlaşdıraq. Dedi, vermirəm. Mən də işi görmədim".
Təklif etdim ki, gedək mənzili ölçək, görülən işləri qiymətləndirək, baxaq o rəqəmi haradan almısız. Cavab verdi ki, orada artıq başqa usta işləyir. Belə olanda dedim ki, aramızda görüləcək işlərə görə centlmen razılaşması olub. Yəni şifahi razılıq əsasında iş görmüşük, haqqımızı almışıq. Araz Əlizadəyə dedim ki, sənin evində görmədiyimiz işə görə mənə 4 min manat vermisən. Mən həmin 4 min manatı sənə qaytaracağam. Razılaşmadı, stolun üstündən maşınımın açarlarını götürdülər. Etiraz edəndə mənə əl-qol atdılar. Maşının qapılarını açıb içindən şəxsiyyət vəsiqəmi, maşına aid sənədləri götürdüm və maşınımı sürüb getdilər".
5-6 gün üstündən keçəndən sonra Nizam dedi ki, Arazla danışmışam, gedək evinə. Evində oturub Arazla söhbət elədik. Razılığa gəldik ki, ona 4 min manat ödəyirəm, söhbət yekunlaşır".
R.Somov elə orada A.Əlizadəyə 1 il müddətində 4 min manat ödəyəcəyi haqda yazılı iltizam verib: "Araz Əlizadə bu centlmen razılaşmasından 15 gün sonra Nizama zəng elədi ki, pulu gətir. Biz isə pulu hissə-hissə, 1 il ərzində qaytaracağımıza razılaşmışdıq. Çünki mən ondan aldığım pulları tək özümə götürməmişdim. 7 ay ərzində onun evində işə cəlb etdiyim 3-4 ustaya da hər ay işlərinə görə əmək haqqı vermişdim. Nizam razılaşmanı Araza xatırladanda o, telefonu söndürüb”.
R.Somov deyir ki, 2012-ci il dekabrın 14-də Binəqədi Rayon Məhkəməsindən onun yaşadığı ünvana məktub gəlib: "Məktubda Araz Əlizadənin iddiası vardı. O, məndən 20 min manat tələb edirdi. O, həmin 20 min rəqəmini necə hesabladığını iddiasında yazmayıb. Binəqədi Rayon Məhkəməsində tələb etdim ki, bu rəqəmin haradan götürülməsini aydınlaşdırmaq üçün ekspertiza təyin olunsun. Gedib Arazın təmir etdiyimiz evinə ekspert-mütəxəssislər baxsınlar. Təmin eləmədilər. Araz Əlizadəyə məhkəmədə dedim ki, əgər mən düz adam olmasaydım, elə 4 min manatlıq işi görmədiyimi boynuma götürməzdim. Bəs sən bu 20 mini iddiaya yazanda bir Allaha baxdınmı? Hakim məni heç dinləmək istəmədi, elə Arazın iddiasını tələsik təmin elədi".
R.Somov deyir ki, Apelyasiya Məhkəməsində də onun ekspert-mütəxəssislərin mənzilə baxış keçirmələri haqda vəsatəti təmin olunmayıb. Nəticədə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanıb: "Araz Əlizadə iddiasına 20 min əvəzinə 200 min manat yazsaydı, belə çıxır ki, hakimlər onun yazdığına inanıb həmin pulu ona verməyimi vəzifə kimi mənim qarşıma qoyacaqdılar? Bu nə məntiqdir?”
R.Somov Apelyasiya Məhkəməsinin iş üzrə çıxardığı qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
musavat.com.