"Musavat.com"un məlumatına görə, Prezident Administrasiyası qarşısına toplaşan yüzə yaxın vətəndaş yeddi il ərzində evlərini ala bilmədiklərini vurğulayıblar.
Yaxınlıqdakı parka sıxışdırılan aksiyaçılar qeyd ediblər ki, 7 ildir "GEN” MMC düyünü həllini tapmır və artıq gedəcək ünvan qalmayıb. Aksiya 1 saat davam edib və polis müdaxiləsi ilə yekunlaşıb.
Şikayətçilərə qəbul şöbəsindən bildirilib ki, problemlərini Bakı Şəhər İcra Hakimiyyətinə bildirsinlər. Ancaq bu qurumda da onların dərdini dinləyən olmayıb. Vətəndaşlar davamlı aksiyalar keçirəcəklərini bildiriblər.
Qeyd edək ki, "GEN” MMC işinə görə 377 vətəndaş aldanıb və onların pulu mənimsənilib. Şirkət rəhbəri həbsdə olsa da, sakinlərin nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.