Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna qədər Tbilisidə keçiriləcək.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın XİN-dın bildirilib.

Qeyd olunub ki, səkkizinci üçtərəfli görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi üçün hazırda tərəflər arasında informasiya mübadiləsi həyata keçirilir.

“Görüş dekabr ayının sonuna qədər mütləq keçiriləcək”, - deyə XİN-dən vurğulanıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın xarici işlər naziri David Zalkaliani XİN başçılarının üçtərəfli görüşünün planlaşdırıldığını deyib.

Üçtərəfli görüş Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli idi. Lakin Türkiyə tərəfinin müraciəti əsasında görüş təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhəri ev sahibliyi edib.