Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev təkcə yeni-yeni videolar yayıb, cəmiyyətin diqqətini özünə cəlb etməklə məşğul olmur. O, eyni zamanda yaxınları ilə də məhkəmələrdə çəkişir. Fransada yaşayan və orqan ticarətinə görə Azərbaycan tərəfindən axtarışa verilən E.Abdullayev bu dəfə yaxınları ilə miras davasına çıxıb.

Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, Elşad Abdullayev qardaşı İsmayıl Abdullayevlə birgə yaxınları - Cəfərov Sabir İbrahim oğlu başda olmaqla, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı vaxtı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınmasından bəhs edən iddia qaldırıblar: «Ancaq qardaşların Yasamal rayon Məhkəməsində qaldırdıqları iddiaya qarşı tərəf də cavabsız qalmayıb. Belə ki, cavabdeh İbrahim Cəfərovun özü başda olmaqla, övladları və digər yaxınları da Abdullayev qardaşlarına qarşı qarşılıqlı iddia qaldırıblar. Və Fəzilə İbrahim qızı Məmmədovanın, Sabir İbrahim oğlu Cəfərovun və Rəna Teymur qızı Əsgərovanın da  iddia ərizələri icraata qəbul olunub. Adıçəkilənlər isə məhkəmədən mirasın qəbul edilmə faktının müəyyən edilməsini tələb ediblər».

 Mia.az-ın xəbərinə görə, qarşılıqlı iddialara Yasamal rayon Məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «Hal-hazırda işə Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılır. Hakim qarşılıqlı şikayətlər üzrə sentyabrın 11-nə iclas saatı təyin edib».