Sabiq səhiyyə naziri Əli İnsanov bir tərəfdən Avropa Məhkəməsinin azad olunma qərarının icra edilməməsi ilə bağlı Ali Məhkəmə və Ədliyyə Nazirliyinə qarşı iddia qaldırır, digər tərəfdən isə həbs edilən vaxtı evindən aparılan mülklərinin sənədlərinin davasını edir.
Mia.az «Reytinq» qəzetinin son sayında dərc olunan yazıya istinadən xəbər verir ki, 11 il
azadlıqdan məhrum edilmiş Əli İnsanov daha bir vəzifəli şəxsə qarşı iddia qaldırıb. Budəfəki iddia isə həbsi və ya saxlanma şəraiti ilə birbaşa deyil, dolayısı ilə bağlıdır: «Belə ki, Əli İnsanov həbs edilən vaxtı onun evindən bütün mülklərinə aid olan sənədləri götürsələr də, bu
günədək onlar geri qaytarılmayıb. Düzdür, onun mülklərinin bəzilərinin qanunsuz əldəetmə adı altında ilə sənədləri ləğv edilərək, özgəninkiləşdirilib. Lakin elə əmlakı var ki, onlar Əli İnsanov nazir olmamışdan əvvəl onlara məxsus olub. Maraqlıdır ki, istintaq həmin əmlakın sənədlərini də müsadirə etsə də, geri qaytarmaq niyyətində olmayıb. İnsanov isə indi həmin sənədlərin ya geri verilməsini, ya
da dublikatlarının çıxarılmasını tələb edir. Artıq o, bununla bağlı məhkəməyə də üz tutub».
Məlumata görə, Əli İnsanov Kərəm Həsənovun rəhbəri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) qarşı iddia qaldırıb: «Əli İnsanov sözügedən xidmətin Bakı Ərazi İdarəsindən özünə məxsus olan yaşayış sahəsinin çıxarışının diblikatının verilməsini tələb edir. Artıq onun bu iddiası ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə proses keçirilib. İş indi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır».
Əli İnsanovun şikayətinin Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə araşdırıldığını deyən müsahibimizin sözlərinə görə, artıq hakim tələb üzrə iclas saatı da təyin edib: «Hakim Elşanə Vəliyeva Əli İnsanovun DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın dublikatının verilməsi tələbindən bəhs edən şikayəti üzrə sentyabrın 12-də iclas keçirəcək».