Sosial şəbəkələrdə Dövlət Sərhəd xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbər yayılıb.
Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb.
Ancaq DSX-nın mətbuat xidməti həmişəki kimi telefon zənglərinə cavab verməyib.
DSX-nın mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu tapmaq müşkülə çevrilib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı təsdiqləyib: "Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.
Allah rəhmət eləsin!