Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov Türkiyə vətəndaşına məxsus «Lyuks-Sönməz» MMC ilə yenidən məhkəmə çəkişməsinə başlasa da, iki gün öncə gözlənilmədən geri çəkilib.

 Bu barədə  mia.az-a daxil olan məlumatda deyilir ki, deputata məxsusluğu şübhə doğurmayan "Bakı XXΙ ƏSR” MMC-nin  "Lyuks-Sönməz” MMC-yə qarşı iddianın səbəbi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 yanvar 2008-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli olub.

Həmin tarixdə Hacıbala Abutalıbov 9 nömrəli sərəncam verib. Sərəncamın 1.1 bəndində çox aydın şəkildə deyilir:

"Binəqədi rayon Motodromun qərb hissəsində Qərb Universitetinə idman kompleksinin tikintisi üçün ayrılmış Bakı Şəhər İcra Hakimiyyətinin 07.01. 2004-cü il tarixli 2 saylı və Biləcəri qəsəbəsi, Sumqayıt şossesində Dövlət Yanacaq Komitəsi yanacaqdoldurma məntəqəsinin tikintisi üçün ayrılmış Bakı Şəhər İcra Hakimiyyətinin 22.02. 1993-cü il tarixli 311 saylı sərəncamları ləğv edilsin və həmin ərazidə yerləşən tikintilərin köçürülməsi  mövcud qanunvericiliyə əsasən "Bakı-XXI Əsr" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilsin". 

 Mia.az-ın məlumatına görə, bu sərəncamın əhatə etdiyi ərazinin 0,47877 hektarı isə "Lyuks-Sönməz" MMC-yə məxsus olduğundan tərəflər arasında 5 ildir mübahisə yaranıb. Təsisçilərindən biri Türkiyə vətəndaşı Nacı Uzun olan şirkət ərazidə xeyli tikinti işləri də aparılıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının yuxarıda qeyd olunan sərəncamı (2008-ci il, 10 yanvar, 9 nömrəli) ilə xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsi "Bakı-XXI Əsr"ə verilib. Bu MMC-nin təsisçisi isə Britaniyanın Vircin adalarının hüquqi şəxsi  olan "Trans -Eyransan Leasinq Grour Ltd" şirkəti olsa da, Azərbaycanda hamı bilir ki, Bakı Beynəlxalq Avtovağzal və onun ətrafına sahib olan həmin MMC-yə nəzarəti Elton Məmmədov həyata keçirir.

Maraqlısı burasıdır ki, aradan ötən 5 ildə Elton Məmmədov Hacıbala Abutalıbovun sərəncamından irəli gələn məsələləri həll etmək əvəzinə, istər torpaq sahəsini, istərsə də onun üzərində olan mülkiyyətləri qarşı tərəfdən məcburi almağa çalışıb. Buna görə də ortaya o vaxtdan problem çıxıb. Elton Məmmədovsa sərəncamda göstərilənlərin əksinə olaraq, öhdəliyi «Lyuks-Sönməz»in özünün həyata keçirməsinə çalışır. Ancaq bununla bağlı  "Bakı XXΙ ƏSR” MMC-nin "Lyuks-Sönməz” MMC-yə qarşı tələbi birinci instansiya məhkəməsində təmin edilməyib».

 Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə araşdırılıb: «Hakim Cahangir Yusifov "Bakı XXΙ ƏSR”in "Lyuks-Sönməz” MMC-yə qarşı şikayəti üzrə avqustun 29-na iclas saatı təyin etmişdir. Lakin həmin günü deputatın nəzarət etdiyi şirkət gözlənilmədən şikayətindən imtina etdi. Bunu nəzərə alan hakim Cahangir Yusifov da apellyasiya şikayətinə xitam verdi».