Milli Şuranın bu gün saat 15:00-a "28 may" metrostansiyasının qarşısında keçirmək istədiyi icazəsiz aksiyanın qarşısı alınıb.
Mia.az xəbər verir ki, evindən çıxaraq "28 May"a doğru hərəkət edən Əli Kərimli, Tofiq Yaqublu və daha bir neçəı tərəfdarı da polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsi aksiyadan dərhal sonra rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər:
Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi” idman klubunun təlim bazası təklif olunub. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar ediliblər.
Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı, təxminən, 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun "28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.
