MSK sədri Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyindən danışıb. Məzahir Pənahov Rüstəm İbrahimbəyovun sənədlərinin MSK-ya daxil olduğunu və hazırda sənədlərə baxıldığını qeyd edib.
MSK -nın sədr müavini Natiq Məmmədov bildirib ki, R.İbrahimbəyovun sənədlərinə 5 gün müddətində baxılacaq.
N.Məmmədov onu da vurğulayıb ki, Komissiyada müraciətlərin hamısına baxılır, son qərarı isə MSK-nın bütün üzvləri qəbul edirlər:
"Bildiyim qədəri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı problemi var. Azərbaycan Konstitusiyasının 100-cü maddəsində isə açıq və dəqiq yazılıb ki, ikili vətəndaşlığı olan şəxslər seçkilərdə iştirak edə bilməzlər”
Qeyd edək ki, ümumilikdə indiyədək 17 nəfərin namizədliyi irəli sürülüb, onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. MSK İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov və Q. İsaqovun namizədliklərini təsdiqləyib.
Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.