Azərbaycan Mətbuat Şurası avqustun 18-də Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçiriləcək icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə yaradılmış şəraitin monitorinqini aparacaq.
Mətbuat Şurasından verilən məlumata görə, monitorinq, eyni zamanda, kütləvi informasiya vasitələri nümayəndələrinin prosesi işıqlandırarkən üzləşə biləcəkləri mümkün maneələrin dərhal aradan qaldırılmasına da yardımçı olmağı nəzərdə tutur. Bu məqsədlə Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvləri, həmçinin qurumun mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasının təmsilçiləri aksiya yerində olacaqlar. Bundan başqa, Şuranın 441-35-96 saylı telefon nömrəsi də mitinq müddətində "qaynar xətt” rejimində fəaliyyət göstərəcək.