Bundan sonra isə N.Quliyevin Heydər Əliyevin hakimiyyəti illərində xarici iqtisadi əlaqələr naziri postunu tutması və bu vəzifədən istefa verəndən sonra köçüb Gürcüstana getməsi xatırladılır.
"O, orada Acarıstan prezidenti Aslan Abaşidzenin müşaviri vəzifəsini tuturdu. N.Quliyev A.Abaşidze 2004-cü ildə istefa verənə və Gürcüstandan qaçana qədər bu vəzifədə işlədi. Aslan Abaşidze Kremlin Gürcüstandakı son dayaqlarından biri idi və o zamankı yeni prezident Mixail Saakaşvilinin siyasətinə əməli surətdə müqavimət göstərirdi. Mötəbər mənbələr sabiq nazir N.Quliyevin ”Qafqaz pələngi"nin (Moskvada Abaşidzeni belə çağırırdılar) yanında peyda olmasını onun Rusiya siyasi çevrələri ilə sıx əlaqədə olması ilə izah edirlər.
A.Abaşidze istefa verib Gürcüstandan qaçandan sonra N.Quliyev də Acarıstanı təcili şəkildə tərk etməyə məcbur oldu. Çünki Gürcüstanda hakimiyyət başına gəlmiş yeni anti-Kreml qüvvələr yeni hökumətin ən amansız düşməninin əsas məsləhətçisinə divan tutacaqdı.
Nicat Quliyev Azərbaycana qayıdası oldu. Amma sabiq nazir yenə də siyasi qalmaqalın mərkəzinə düşdü. Bu dəfə 2005-ci il "narıncı inqilab”ın ən qızğın vaxtında...
Nicat Quliyev Qərbin Azərbaycandakı ən əsas adamı olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə çox yaxın idi. O, Bakıda öz qəzetlərini nəşr etməyə başladı. N.Quliyevin 2005-ci il hadisələrindəki iştirakı o qədər də açıq-aşkar deyildi. Buna baxmayaraq MTN N.Quliyevi o vaxt da Rusiyaya bağlı qüvvələrin əsas agenti kimi həbs etməyə qərar verdi. Bir neçə həftədən sonra isə onu azad etdilər.
Azərbaycanda siyasi vəziyyət yenidən dəyişib qızışan kimi N.Quliyev yenidən bu hadisələrin episentrində zühur etdi.
Sabiq nazir son illər Türkiyədə yaşayıb. Müxalifətin birləşdiyi Milli Şura yaranandan dərhal sonra o da Azərbaycana qayıtdı. N.Quliyev bu dəfə Milli Şura Aparatının rəhbəri Eldar Namazovla sıx əlaqədə işləməyə başladı".
Bundan sonra sayt virtualaz.org-a istinadən yazıb ki, MTN N.Quliyevi çox ciddi və operativ əməliyyat məlumatları əsasında saxlayıb. Həmin məlumatlardan belə məlum olur ki, sabiq nazir Milli Şuranın hərbi qanadının yaradılması işinə girişibmiş.
"Yeni Müsavat” əməkdaşı yazıda olan iddialarla bağlı MTN-in İctimaiyyətlə Əlaqə Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəz rəhbəri Arif Babayev "Nicat Quliyevin Milli Şura ilə əlaqələri araşdırılırmı" sualına "Hazırda istintaq getdiyinə görə heç bir əlavə şərh verə bilmərəm” - deyə cavab verib.