Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs olunub.
Məlumata görə, Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub.
Xəbərdə o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.
***
Vəkil Elton Quliyev virtualaz.org saytına açıqlamasında deyib ki, Abşeron Rayon Məhkəməsi bu gün həbs olunan sabiq nazir Nicat Quliyev barədə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, hazırda MTN-in təcridxanasında saxlanılır.
Sabiq nazir rəsmən qeyri-qanuni şəkildə silah-sursat saxlamaqda ittiham olunur.
* * *
Mötəbər qaynaqlardan virtualaz.org saytına daxil olan məlumatlara görə, həbs olunan sabiq nazir Nicat Quliyevin Novxanıdakı bağ evində bu gün axtarış da aparılıb. Axtarış zamanı bağ evindən "Kalaşnikov" avtomatları və əl qumbaraları tapılıb.
MTN əməkdaşları sabiq nazirin şəxsi avtomobilindən həmçinin tapança götürüblər.
Bu silah-sursatın sabiq nazirin əlinə necə düşməsi məsələsi hələ açıq qalır.
Qeyd edək ki, həbs olunan sabiq nazirin hüquqlarını vəkil Elton Quliyev müdafiə edəcək.
***
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov və MTN-in icitimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev sabiq nazirin həbsi ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər.
Lakin onlar bildiriblər ki, bu, lazım bilinəndə ictimaiyyətə məlumat veriləcək.