Sabirabad rayonundan sensasiya sayıla biləcək məktub daxil olub.
Sabirabad şəhərinin Natəvan küçəsində yaşayan Naibə Etibar qızı
Fətullayeva prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Daxili işlər naziri
Ramil Usubova, ombudsman Elmira Süleymanovaya, Milli Təhlükəsizlik naziri Eldar
Mahmudova və bir neçə media orqanına başına gələnlərlə bağlı şikayət məktubu yazaraq,
kömək istəyib.
N.Fətullayeva yazır ki, təxminən bir həftə qohumlarının evindən dönərkən
yaşadığı ünvana yaxın ərazidə polis basqınına məruz qalıb: «İyul ayın 24-nə
keçən gecə saat 2 radələrində qohumumgildən evimizə gələrkən, darvazamızın
tinində 5 nəfər polis işçisi qəfildən maşınlarını saxlayaraq, heç bir söz demədən,
özlərini təqdim etmədən, qollarımı burub, ağzımı əlləri ilə bağladılar. Onlar məni
huşumu itirənə qədər döyərək, ağır vəziyyətdə saçımdan tutub, sürüyə-süürüyə Polis
Şöbəsinin arxa qapısından bölmə rəisinin otağına gətirdilər. Günorta saat
12:00-na qədər otaqda ağzı bağlı vəziyyətdə saxlanılmışam. İki polis serjantı
da günorta 14:00-a qədər yanımda oturublar. Ağrıdan həkim çağırtmalarını istəsəm
də, buna da şərait yaratmadılar. Ağrılarım o dərəcədə olub ki, vaxtında da şikayət
edə bilmədim. Burun çəpərim sınıb, bütün bədənim qançırmadır. 9 yaşlı uşağımla
artıq yaşayışımız heçə dönüb».
Şikayətçi yazır ki, hadisə ilə bağlı rəsmi izahat verməyə hazırdır. Lakin
ona qarşı rəzillik törədənlər buna da imkan vermir. Tam əksinə, əvvəllər ona minnətçi
düşənlər, indi bunu etməmək üçün onu açıq hədələyirlər: «İndi 5 polis nəfəri
özlərini və heç bir əndazəyə sığmayan hərəkətlərini sığortalamaq üçün məndən
şikayət veriblər. Əvvəlcə mənə yalvar-yaxar etdilər ki, səni səhv tutmuşuq,
bizdən şikayət etmə. Amma israrımı gördükdə isə «Şikayət edəcəyin halda özünü
ölmüş bil», - deyə, hədələdilər. Mən bu təhdidlərə görə hal-hazırda
Sabirabaddan çıxmışam. Ancaq çox xahiş edirəm ki, Bakıda bu hadisəni nəzarətə götürsünlər.
Çünki inanmıram, rayonda 5 polisi qoyub, mənim haqqımı, ümumiyyətlə, ədaləti müdafiə
edən, qoruyan olsun.
Cənab Prezident! Hörmətli nazirlər! Mən, Azərbaycan vətəndaşı, bir qadınam.
Məni ölümcül döyərək, yataq xəstəsi edən polis işçiləri haqqında ciddi tədbir görməyinizi, qadınlıq haqqımın və
ləyaqətimin bərpa olunmasına, müalicə olunmağıma köməklik etməyinizi xahiş
edirəm. İnanıram ki, sizin müdaxilənizlə haqq öz yerini tutacaq».
İttiham olunan polislərinn mövqeyini dinləməyə hazırıq.