Milli Şuranın vahid namizədi
Rüstəm İbrahimbəyovun Tiflisdə şura üzvləri ilə görüşündən sonra müxalif
düşərgədə ruh düşkünlüyü yaranıb. Belə
ki, İbrahimbəyovun ölkəyə gəlməsinin məqsədəuyğun olmaması ilə bağlı qərarın
verilməsi birmənalı qarşılanmır. Milli Şuranın üzvü, Azərbaycan Liberal
Partiyanın sədri Əvəz Temirxan isə Tiflis görüşündən razıdır:
- Milli Şuranın Tiflis görüşünü müsbət
qiymətləndirmək olar. Ən azından Milli Şuranın
həmin toplantıda iştirak edən üzvləri və onların vasitəsilə şuranın digər
təmsilçiləri vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirdilər. Vəziyyət isə o
yerdədir ki, Rüstəm İbrahimbəyov doğrudan da sənədlərini qaydaya salmadan
Azərbaycana gəlsə, onun Azərbaycandan qayıdaraq, sənədlərinin Rusiyada tərtib
edilməsinə problem yarada bilərlər. Yəni, onun Azərbaycandan çıxmasına mane
olarlar.
- Əvəz bəy, bu məsələlər Sizə əvvəlcədən bəlli deyildi ki, belə bir
problemi olan şəxsin vahid namizədliyini irəli sürdünüz?
- Açığı, məsələnin bu həddə çatacağını təsəvvür etmirdim. Amma, bir neçə ay bundan əvvəl lazımi şəxslərə Rüstəm
bəyin vətəndaşlıq məsələsinin həll edilməsi ilə bağlı tədbir görülməsini təklif
etmişdim.
- Amma Rüstəm İbrahimbəyovun vahid namizəd olmasında ən çox israrı da
Siz edirdiz?
- Bəli. Bunun nəyi pisdi ki?
Milli Şura Rüstəm İbrahimbəyovun vahid namizədliyi ideyasının əsasında yaranıb.
Yadınızdadırsa, mənim bir statusumu Putinə müraciət kimi qələmə vermişdilər.
Əslində, indiki vəziyyət onu göstərir ki, həqiqətən də o zaman Putinə müraciət
etməyə gərək var imiş.
- Azərbaycan Rusiyanın müstəmləkəsi deyil ki, onun problemlərini Putin
həll eləsin. Məncə, bu yanaşmanızda məntiq yoxdur...
- Əlbəttə, Azərbaycan
müstəqil dövlətdir. Bu, Sovet İttifaqından qalmış bir məsələdir. Hamımız Sovet
İttifaqının vətəndaşı olmuşuq, Rüstəm bəy də SSRİ vətəndaşı kimi Moskvada
qeydiyyatda olub. Əslində, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı deyil. Rusiya
prezidentinin 6 fevral 1992-ci il tarixli fərmanı ilə Rusiyada pasport
qeydiyyatında olan SSRİ vətəndşları Rusiya vətəndaşları elan ediliblər. 2002-ci
ildə də yeni bir qanun çıxıb ki, əgər kimsə Rusiyada pasport qeydiyyatında
olubsa və ondan sonra Rusiya və-təndaşı olmaq üçün müvafiq icra hakimiyyəti
orqanlarına müraciət etməyibsə, o, müvafiq icra hakimiyyəti orqanlarından
Rusiya vətəndaşı olmadığı haqqında sadələşdirilmiş qaydada, yəni dərin
yoxlamalar keçmədən arayış ala bilər. İndi Rüstəm bəyin hüquqi statusu ondan
ibarətdir ki, o, Rusiya ərazisində yaşamış Sovet İttifaqı vətəndaşı olub,
Rusiya vətəndaşlığını qəbul etməyib. Hazırda isə məsələyə aydınlıq gətirilməsi
üçün sadə bir arayış lazımdır.
- İndi həmin o sadə arayış verilməsə, Milli Şura başsız qalacaq?
- Xeyr. Mən hesab edirəm, əgər o
sadə arayış verilməsə, onda Azərbaycan hakimiyyəti sübut etməlidir ki, Rüstəm
İbrahimbəyov Rusiya vətəndaşıdır. Bir də yaxşı olar ki, tələsməyək. Arayış niyə
verilməsin ki? Biz çalışmalıyıq ki, o arayış verilsin və bütün söz-söhbətə son
qoyulsun. Başa düşmürəm, biz nəyə görə, indidən Rüstəm bəyin namizədliyini
kölgə altına salmalıyıq? Hələ böyük ümid var. Şəxsən mən ümid edirəm ki, Rusiya
prezidenti Vladimir Putin Rüstəm İbrahimbəyovun vətəndaşlıq problemini tezliklə
həll edəcək.
- MSK seçkilərin oktyabrın 9-da keçiriləcəyini bəyan etdi. Bu isə o deməkdir ki, bir neçə gündən sonra seçki
prosesi rəsmən başlayır, amma Milli Şuranın namizədi ölkədə deyil. Sizcə,
gecikmirsiniz?
- Xeyr, hələ gecikmirik.
Çünki Milli Şura üçün 46 min imza toplamaq iki günün işidir. Bu səbəbdən də
narahat olmağa dəyməz. Bütün mərhələləri lazımi qaydada keçmək üçün vaxtımız
olacaq.
- Əvəz bəy, Tiflis görüşündən sonra
Bakıya dönən Müsavat başqanı İsa Qəmbərin ilk açıqlamalarından biri o oldu ki,
R.İbrahimbəyov Bakıya qayıtmalı idi. İ.Qəmbərin
bu iradını haqlı sayırsınız?
- Həmin iclasda Rüstəm
İbrahimbəyovun indi Bakıya gəlməsinin məqsədəuyğun olmadığı barədə fikirlər
səsləndirilib və yekun qərar da buna əsasən verilib. Çünki İbrahimbəyov indi Bakıya gələrsə, hakimiyyət
tərəfindən onun barəsində saxta bir ittiham irəli sürə bilərlər. Eyni zamanda,
onun haqqında əsassız, qanunsuz həbs-qətimkan tədbirinin seçilməsi və yaxud
Azərbaycandan çıxmamaq haqqında qərarın verilməsi də mümkündür. Bununla da onun
vətəndaşlıqla bağlı sənədlərini qaydaya salmaq üçün Moskvaya qayıdışının
qarşısını ala bilərlər. Nəticədə Azərbaycan xalqının, Demokratik Qüvvələrin
Milli Şurasının vahid namizəd ideyası iflasa uğrayar. Bax, bu səbəbdən də
Tiflis müşavirəsində iştirakçıların əksəriyyəti indiki mərhələdə İbrahimbəyovun
Azərbaycana gəlməsini məqsədəuyğun hesab etməyib. Mən, İsa Qəmbərin Rüstəm
İbrahimbəyovun sənədləri ilə bağlı və vahid namizəd kimi qeydiyyatdan keçməsi
ilə əlaqədar narahatlığını başa düşürəm. Amma, mən düşünürəm ki, yaxın zamanda
həm İsa bəyin, həm Milli Şuranın, həm də bütövlükdə Azərbaycan xalqının Rüstəm
bəyin ikili vətəndaşlığı ilə bağlı narahatlığı aradan götürüləcək.
- Prezident seçiləri ciddi prosesdir. Sizcə, buna hazırlaşarkən Milli
Şuranın "B" planı olmalı deyildimi?
- "B" planı haqqında "A" planı baş tutmadıqda
danışmaq olar. İndi isə "A"
planı reallaşmaqdadır. Gəlin, tələsməyək. Milli Şuranın "B" planından
danışmağın zamanı deyil. Çünki belə bir müzakirə Azərbaycan xalqını ruhdan
salır. Biz Rüstəm İbrahimbəyovun vahid namizədliyi üzərində təsadüfən dayanmamışıq.
Rüstəm İbrahimbəyov görkəmli ziyalıdır, "Oskar" mükafatı laureatıdır,
bütün dünyada tanınmış intellektualdır. O, bütün dünyada qəbul oluna biləcək
şəxsiyyətdir. Məsələn, Qarabağ probleminin sülh yolu ilə Azərbaycanın xeyrinə
həll olunmasında İbrahimbəyovun özünün şəxsiyyəti müsbət rol oynaya bilər. Ona
görə də Rüstəm İbrahimbəyovun vahid namizədliyinin üzərindən xətt çəkilməsi
barədə danışmağı doğru saymıram. Şəxsən mən bu barədə müzakirə aparılmasının
qəbul etmirəm.
- Axı, R.İbrahimbəyov vahid namizəd olmayacaqsa, başqa birinin
namizədliyi üzərində dayanmaq da vaxt aparacaq.
- Əgər ehtiyat namizəd məsələsini müzakirəyə çıxarsaq Rüstəm
İbrahimbəyovun namizədliyinin üzərindən xətt çəkmiş olarıq. Ona görə də bu barədə danışmaq istəmirəm. Şəxsən mənim
üçün vahid namizəd də, ehtiyat namizəd də, əsas namizəd də Rüstəm
İbrahimbəyovdur. Eyni zamanda, Müsavat Partiyasının funksionerləri də, İsa bəy
də başqa fikir söyləyirlərsə, onların da mövqe hüququnu tanımaq və hörmətlə
yanaşmaq lazımdır.
- Əvəz bəy, Milli Şurada başqa bir məsələ ilə bağlı da fikir ayrılığı
var. Bir qrup - burada əsas tərəf
AXCP-dir ki, vahid namizəd olmayacağı təqdirdə seçkilərin boykot edilməsinin
tərəfdarı kimi çıxış edir, digər tərəf - Müsavat isə bu halda özü seçkiyə
qatılacağını bəyan edir. Siz, hansı tərəfdəsiz?
- Liberal Partiya hesab edir ki, Milli Şura vahid namizədi Rüstəm
İbrahimbəyovla seçkilərə gedəcək və qalib gələcək. Ondan sonra Rüstəm bəyin prezidentliyi dövründə
demokratik islahatlar keçirəcəyik. Yəni, bizim mövqeyimiz bundan ibarətdir.
Hazırda nə boykot, nə də təkbaşına seçkiyə qatılmaq barədə düşünmürük. Hesab
edirəm ki, Milli Şurada təmsil olunan bütün qüvvələr Rüstəm İbrahimbəyovun vahid
namizədliyi ilə seçkiyə getməyə köklənməlidir. İnanıram ki, Rüstəm İbrahimbəyov
yaxın günlərdə bütün problemlərini həll edib Azərbaycana gələcək.
- Sizcə, Milli Şura Rüstəm
İbrahimbəyovla seçkiyə getsə, seçkinin nəticələrini necə ola bilər?
- Tam
əminliklə deyə bilərəm ki, seçicilərin ən azı 70-75 faizi Milli Şuranın
namizədi Rüstəm İbrahimbəyova səs verəcək.
- Rüstəm İbrahimbəyov hələ ölkəyə gəlməyib, bir nəfər seçici ilə
görüşməyib. Bu şişirldilmiş qənaət Sizdə hardandır?
- Sağ olsun, AzTV və iqtidarın digər televiziya və radio kanallarını! Hətta
uzaq dağ kəndlərində belə Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi
olduğunu bilirlər və bu iqtidara dəstək vermirlər. Bu məsələdə hakimiyyətin nəzarətində olan bütün
telekanalların rolu çox böyük olub. Xalq da bilir ki, kim bu iqtidarın
əleyhinədirsə, deməli, o, xalqın tərəfindədir. Yəni, iqtidar Rüstəm
İbrahimbəyovla bağlı əks-təbliğat aparmaqla onu çox yaxşı təbliğ edir.
- Hakimiyyət də seçkiyə əliboş
getmir. Seçki ərəfəsində iqtisadi artım,
yeni obyektlərin açılışı və digər təbliğat kampaniyaları indidən başlayıb...
- Hakimiyyət nümayəndələri iqtisadi artım deyəndə, seçicinin,
vətəndaşın, sıravi insanların iqtisadi durumunun yaxşılaşdırılması, ölkə
iqtisadiyyatının inkişafı kimi yox, bu məmurların xalqdan qopardığı,
var-dövlətin, rüşvətin həcminin artdığını nəzərdə tuturlar. Xalqın damarından sümürüb milyarda çevirdikləri qanı
artım kimi qəbul edən bu iqtidarın namizədinə heç bir normal adam səs verməz.
Bunu əsas tutaraq deyirəm ki, xalq bu iqtidara səs verməyəcək. Çox təəssüf
edirəm ki, bu iqtidar Rüstəm İbrahimbəyovun vahid namizəd olmasının qarşısını
almaq üçün əlindən gələni edir. Ancaq hakimiyyət narahat olmasın, Milli Şura
seçkilərdə qalib gələcək. Əslində, bu iqtidar Milli Şuranın vahd namizədi kimi
Rüstəm İbrahimbəyovla danışıqlara getməlidir, özünün şəxsi, hüquqi, maliyyə
təhlükəsizliyinə zəmanət almalıdır. Başqa namizəd bu zəmanəti verməyə də bilər,
amma Rüstəm İbrahimbəyov bu zəmanəti verər. Ona görə də bu iqtidar özünün
gələcəyinə zəmanət almaq üçün İbrahimbəyovun vahid namizəd kimi seçkiyə
qatılmasına mane olmamalıdır.
reytinqinfo.az