Milli Şuranın prezidentliyə namizədi, hazırda ölkədən xaricdə olan və yaxın günlərdə Azərbaycana dönəcəyini vəd edən Rüstəm İbrahimbəyova iqtidaryönlü partiya tərəfindən açıq şəkildə təhdid gəldi.
Belə ki, Milli Dövlətçilik Partiyasının başqanı və İrəvan Mühacir Hökumətinin
prezidenti Sabir Tarverdiyev ölkədə böyük maraq doğuracaq bəyanatla çıxış edib.
Partiyanın mətbuat xidmətindən mia.az-a daxil olan bəyanatda son aylar Azərbaycandakı proseslərdən tutmuş, ölkə
prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətimizdəki uğurlara
toxunulub və 2013 prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri,
hazırkı prezidentin yenidən namizədliyinin qətiyyətlə dəstəklənəcəyi bir daha vurğulanıb.
Daha sonra bəyanatda Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyova
da sərt xəbərdarlıq edib. Bəyanatda sədr Sabir Tarverdiyevin adından bildirilib ki, R.İbrahimbəyovu
Bakıya dönməyə peşman edəcəklər:
«Mən, uzun illərdir xeyriyyəçiliklə məşğul olan bir partiyanın sədri və
İrəvan Mühacir Hökumətinin rəhbəri olaraq, ona qəti xəbərdarlığımı edir və məsləhət görürəm ki, Bakıya
gəlməsin. Onun diqqətinə çatdırıram ki, partiya və İrəvan Mühacir Hökumətinin rəhbəri olaraq, 10 minlərlə hiddətlənmiş üzvlərimizin
qarşısını almaqda çətinlik çəkirəm. Bu səbəbdən
ölkəmizdə xoşagəlməz vəziyyətin yaranmaması üçün ona son sözümüzü deyirəm. Bəsdir,
bu yaşında kimlərinsə oyuncağı olmaqdan, ölkəmizdəki sabitliyi pozmaq və digər təxribat
xarakterli əməllərindən əl çək. Əks halda, Heydər Əliyev Hava Limanında AzMDP və
İrəvan Mühacir Hökumətinin 10 minlərlə üzvü sənə bu günədək yaşamadığın ən ağır
anları yaşadacaq».
Milli Dövlətilik Partiyası və İrəvan Mühacir Hökumətinin birgə bəyanatında İbrahimbəyovun tərəfdarlarına da çağırış edilib: «Ağıllı olun! Nə bu
ölkə, nə onun rəhbərliyi, nə də xalqı 90-cı illərin əvvəllərində olduğu
səviyyədə deyil. Siz və Sizin kimilərin Azərbaycanda çaxnaşma yaratmaq cəhdləri
əsla və əsla fayda verməyəcək. Sizləri bu dövləti, bu iqtidarı sevən, onun prezidenti
möhtərəm İlham Əliyev cənablarına sonsuz sadiq olan milyonlar bir hayqırtısı ilə
«iflic»lik edər. Buna əmin olun və bilin ki, qarşınızda nəinki 10 milyonluq
Azərbaycan xalqı, hətta dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın
soydaşımız durub, duracaq. Odur ki, ayılın, yolun yarısından dönməkdə fayda var.
Gəlin, bu peşmançılıq güzəştindən yararlanın. Əks halda, ölkəmizi, millətimizi kiminsə
qulu etmək istiqamətində apardığınız bu iyrənc və rəzil siyasətiniz sizi öz doğmalarınızın
yanında da bihörmət edəcək».
Sonda isə Sabir Tarverdiyev öz tərəfdarlarına da səslənib: «Bilirəm,
İbrahimbəyov kimilərin hərəkətləri sizləri kəskin hiddətləndirib. Nə olursa olsun,
səbrli davranın. İnanıram, bu bəyanatımız İbrahimbəyovu götür-qoy etməyə məcbur
edəcək. Yox, əgər o, bu bəyanatımızdan nəticə çıxarmasa, sizin önünüzdə olacam.
Və Hava Limanında onu necə lazımdırsa, o cür qarşılayıb, geri göndərəcəyik».