İqtidaryönlü Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı yeni problemlə qarşılaşıb. Belə ki, onun partiyası yerləşdiyi məkandan çıxarılır. Deputat isə bu tələblə razılaşmır və şirkətin tikdiyi binanın mansardına xərclədiyi vəsaitləri geri tələb edir.

 Mia.az "Reytinq” qəzetinin bugünkü sayında dərc edilən xəbərə istinadən məlumat verir ki, deputatın problem yaşadığı şirkət «İlkin-Y» MTK və onun rəhbərliyidir: «Deputat Xanhüsyen kazımlının rəhbərlik etdiyi Azərbaycan Sosial Rifah Partiyası sözügedən şirkətin inşa etdiyi binanın mansard hissəsində yerləşib. Amma sonradan deputat və onun partiyası ilə şirkət rəhbərliyi arasında anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlıq isə tərəflərin məhkəməyə üz tutmasına səbəb verib».

 Məlumatda deyilir ki, əvvəlcə Azərbaycan Sosial Rifah Partiyası «İlkin-Y» MTK-ya qarşı pul tələbindən bəhs edən iddia qaldırıb: «Amma şirkət də boş dayanmayıb. Qarşı tərəf də partiya yönəlik qarşılıqlı iddia qaldıraraq, binanın mansard hissəsinin boşaldılmasını tələb etməyə başlayıb. Qarşılıqlı iddialara 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb».

 Hazırda partiya ilə şirkətin bir-birinə qarşı şikayətlərinin Bakı Apellyasiya Məhkəməsində araşdırıldığını deyən müsahibimizin sözlərinə görə, iş sözügedən məhkəmədə hakim Ülvi Mayılovun icraatına verilib: «Hakim Ülvü Mayılov qarşılıqlı şikayətlər üzrə iyulun 31-nə iclas saatı təyin edib».