Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Əlisahib Hüseynov qanadı dağıdılıb. Partiyanın sədri Əlisahib Hüseynov həbs olunub. DADP-nin icraçı katibi Sevda Xurşudova isə Gürcüstana deportasiya edilib.

Mia.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına DADP-nin Fatma Əliyeva qanadının mətbuat xidmətinin rəhbəri Esmira Şükürova verib. Bu barədə bu gün özünün facebook hesabında da yazan E.Şükürova bildirib ki, DADP-nin Rəşid Behbudov küçəsi 15, 31/64 ünvanında yerləşən baş qərargahı Daxili İşlər Nazirliyini əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, DADP-ni təmsil etdiyini deyən Sevda Xurşudova və onun ətrafındakılar builki prezident seçkilərində ölkənin birinci xanımı Mehriban Əliyevanı dəstəklədiklərini elan etmişdilər.

Virtualaz.org-un əməkdaşının Sevda Xurşudova ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Onun mobil telefonuna zəng çatmayıb. Əlisahib Hüseynovla əlaqə saxlamaq təşəbbüsləri də nəticəsiz qalıb. Onun da mətbuat nümayəndələrinə bəlli olan telefonu qapalı olub. Yaxın saatlarda əlavə məlumatlar verməyə çalışacağıq.