Azərbaycan
Beynəlxalq Bankının qeyri-rəsmi nəzarəti altında fəaliyyət göstərən «Bank
Technique» ASC ilə adı müxtəlif qalmaqallarda, hətta güllələnmə olayında hallanan «Şahbulaq» MTK və qeyriləri arasında məhkəmə
çəkişməsi yaşanır.
Mia.az
xəbər verir ki, adıçəkilən və cavabdeh qismində adı göstərilən MTK və onun sədri
Əliyev Nəsib Yusif oğlu, 2006-2010-cu illərdə "Badu-Kübə” MTK-nın təsisçisi
olan kürəkəni Cabbarov Zaur Zeynal oğlu və "Texnikabank” ASC-nin («Bank
Technique» ASC) Səbail rayon filialının müdiri vəzifəsində işləmiş oğlu Elton
Əliyev Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa etmək məqsədiylə bankdan
iri məbləğdə kredit alıblar. Lakin sonradan şirkətdə baş verən olaylar adıçəkilənlərin
krediti vaxtında ödəmələrində ciddi problemlər ortaya çıxarıb. Belə ki, Baş
Prokurorluqdan o zaman verilən məlumata görə, "Şahbulaq” MTK-nın sədri kimi
Nəsib Əliyev 2006-2010-cu illərdə "Badu-Kübə” MTK-nın təsisçisi olan kürəkəni
Zaur Cabbarov və «Bank Technique» ASC-nin
("Texnikabank”) Səbail rayon filialının müdiri vəzifəsində işləmiş oğlu Elton
Əliyevlə qabaqcadan əlbir olub Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları
inşa edən «Badu-Kübə» və «Şahbulaq» MTK-larının adından saxta alqı-satqı
müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr
sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar.
Bundan
sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4
milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını "Badu-Kübə” MTK-nın
inşa etdiyi binanın tikintisinə sərf edib, qalan 2 milyon 613 min 379 manat
məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək
dələduzluq edib. Məhz buna görə də Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri,
Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan
edilmiş və onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılıblar.
Maraqlı burasıdır ki, istintaq materiallarında göstərilib ki, istintaq
gedişində 36 zərərçəkmişlə tikintini davam etdirən "Badu-Kübə” MTK arasında yeni müqavilələr
bağlanılmaqla binadan ümumi dəyəri 1 milyon 86 min 233 manat dəyərində mənzillərlə
təmin edilməklə vətəndaşların pozulmuş mənzil hüquqları bərpa edilib. Cinayət
işi üzrə Elton Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul
edilmiş, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün
olmamış və barəsində axtarış elan edilib.
Hadisələrin
belə yöndə cərəyan etdiyi bir ərəfədə isə "Badi-Kübə" MTK-nin
sahibinin güllələnməsi də durumu daha da ağırlaşdırıb. Belə ki, Baş Prokurorluğun
rəsmi məlumatına görə, ötən ilin iyunun ayının 5-də Suraxanı rayonunda
fəaliyyət göstərən "Altun" istirahət mərkəzinin sahibi Asif
Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən
"Badi-Kübə" Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında
atasına məxsus ov tüfəngindən atəşlər açaraq MTK-nın sədri Məmmədov Samid Abış
oğlunu qəsdən öldürmüş, sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi
Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirib.
Səbəb isə 2003-cü ildən təsis edilən "Badü-Kubə" Mənzil-tikinti
kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildə alan Ədalət Qəmbərovun razılaşmanı
pozması olub. Belə ki, Ə.Qəmbərov Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində
tikdiyi yaşayış binasının torpaq sahəsinin sahibi olan "Altun"
istirahət mərkəzinin sahibi A.Əsədullazadəyə vəd verib ki, ona hazır binadan
3500-4000 kvadrat metr yaşayış sahəsi verəcək. Bu və ya digər məsələlərlə bağlı
yaranan mübahisə isə sonda bir neçə nəfərin güllələnməsi ilə nəticələnib.
İndisə
bu hadisələr səbəbindən ödənilməyən kredit borcları bank rəhbərliyini hərəkətə gətirib.
Mia.az-ın
xəbərinə görə, «Bank Technique» ASC «Şahbulaq» MTK və digərlərinə qarşı kredit
borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırıb. Artıq iddiaya birinci məhkəmə
instansiyasında baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılıb:
«Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmovanın sədrliyi ilə
baxılıb. Hakim ötən həftə Binəqədi rayon
Məhkəməsinin bank hesabına və ipoteka edilmiş əmlaklarla həbs qoyulması ilə bağlı
verdiyi qərardadı ləğv edib. Və işi yenidən birinci məhkəmə instansiyasına geri
qaytarıb».
Məlumatla
bağlı qarşı tərəflərin mövqeyini öyrənə bilmədik. Hər iki tərəfi dinləməyə və mövqelərini
dərc etməyə hazırıq.