Yaxınlarının sözlərinə görə, uşağın sol ayağını da itirməməsi üçün onun müalicəsi Almaniyada mümkündür. Əməliyyata 50 min avro lazımdır, ailənin isə buna gücü çatmır.
Dünən bu çağırışlardan az sonra prezident İlham Əliyev İ.Cəfərzadənin müalicəsi üçün çəkilən xərclərin dövlət tərəfindən ödənilməsi haqda göstəriş verib.
Bu barədə APA-ya açıqlamasında İ.Cəfərzadənin valideynləri bildiriblər.
Ailədən bildirildiyinə görə, artıq Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəyə baş çəkiblər. Onlar ailə ilə görüşüblər və dövlətin bütün xərcləri öz üzərinə götürdüyünü bildiriblər: "Bizə bildirdilər ki, bu məsələ şəxsən prezident İlham Əliyevin nəzarətindədir. Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib”.
Bu arada ölkə başçısının kürəkəni Emin Ağalarov da sosial şəbəkədə İmranla bağlı fikirlərini bölüşüb: "Dostlar, ilk növbədə İmrana sağlamlıq, valideynlərinə və yaxınlarına səbr arzulayıram. Vurğulamaq istərdim ki, mən bu faciəyə reaksiya verən yeganə insan deyiləm. Bu hadisə barədə bu gün səhər İnstagramda xəbər tutdum. İmranın xalası ilə əlaqə saxladım və lazım olan vəsaitin yarısının artıq həmvətənlərimiz tərəfindən toplandığını öyrəndim. İyulun 11-də Bakıda verilən xeyriyyə konsertimdən toplanan vəsait bu gün təcili şəkildə onlara çatdırılıb. Və mənə məlum oldu ki, dövlət digər təşkilati məsələlərin həllini öz üzərinə götürüb. Bir daha vurğulamaq istəyirəm ki, bu bizim ümumi köməyimizdir və biz hamımız ümid edirik ki, toplanan vəsait İmrana həqiqətən kömək edəcək”.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da məlumat yayıb. DİN- in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21- də "Nabran Holiday Village” də baş verən hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsində materiallar toplanıb və həmin materiallara hüquqi qiymət vermək üçün aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib. İstintaq başa çatandan sonra mətbuata geniş məlumat veriləcəyi gözlənilir.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanıb və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilib.