Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi nəzdində "Monolit Beton İstehsalı” dövlət müəssisəsi Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamenti ilə məhkəmə çəkişməsi yaşayır.

 Bu barədə mia.az-a məhkəmə sistemindən daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin tabeliyində olan zavodun rəhbərliyi Bakı şəhər Vergilər Departamentindən əlavə vergi borcu və buna görə hesablanmış cərimə faizlərindən narazı qalıb: «Buna görə də zavod rəhbərliyi məhkəməyə müraciət edib.  İşə artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Lakin birinci  məhkəmə instansiyasının qərarı mübahisəyə son qoymayıb. Ona görə də vergi borcu ilə bağlı narazılıq Bakı Apellyasiya Məhkəməsinə «transfer» olunub».

 Məlumata görə, Məşğulluq İdarəsi nəzdində "Monolit Beton İstehsalı” dövlət müəssisəsi ilə Bakı Şəhəri Vergilər Departamenti arasında hesablanmış borcun və faizlərin şəxsi vərəqədən silinməsindən bəhs edən mübahisə Bakı Apellyasiya Məhkəməsində də araşdırılıb: «Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə baxılıb. Hakim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Yəqin ki, zavod rəhbərliyi Ali Məhkəməyə şikayət edəcək».

 Məsələ ilə bağlı tərəflərin mövqeyini də dərc edə bilərik.