ABŞ Türkiyəni F-35 proqramından uzaqlaşdırdı.
Mia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb.
Bildirilib ki, Türkiyənin Rusiyadan S-400 raketlərini alması belə bir addımın atılmasına səbəb olub: "Artıq Türkiyənin F-35 proqramından çıxarılması prosesinə başladıq. Bundan qaçmaq üçün çox cəhdlər göstərdik. İşlərin bu nöqtəyə gəlməsindən kədərlənirik. Ancaq Türkiyəni F-35 proqramından çıxarma qərarımız sürpriz deyil. Türkiyə bu qərarından (S-400 raketlərinin alınması nəzərdə tutulur - Mia.az) dolayı iş imkanlarını və iqtisadi fürsətləri itirəcək".
Pentaqon onu da bildirib ki, Türkiyə ilə bağlı bu qərardan sonra F-35 proqramıyla bağlı 9 milyard dollarlıq bir itki olacaq.
Xatırladaq ki, bu açıqlamadan bir saat əvvəl Ağ Ev Türkiyənin F-35 proqramından uzaqlaşdırılacağının siqnalını vermişdi.
Belə ki, Ağ Ev-dən verilən açıqlamada F-35 qırıcıları ilə bağlı Rusiya kəşfiyyatının gizli məlumatlar toplama ehtimalına diqqət çəkilib: "Bundan əlavə, onu da bildirmək istəyirik ki, ABŞ Türkiyəyə "Patriot" satmaq istəməklə yanaşı, Türkiyənin hava müdafiəsi ilə bağlı ehtiyacını qarşılamaq üçün çalışır. Münasibətlərimizin güclü olduğu tərəflər də var, hər şey F-35-lərlə bağlı deyil".
Türkiyə Xаrici İşlər Nаzirliyi ABŞ-ın qərarını ölkələr arasındakı ittifaqın ruhuna uyğun olmadığı haqda açıqlama verib.
Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın "S-400"lər üzrə birgə işçi qrupu formalaşdırmaqdan imtinası rəsmi Vaşinqtonun problemi vicdanla həll etmək istəmədiyini göstərir: "Türkiyə ABŞ-ı respublikanı F-35 proqramından çıxarılmasından imtina etməyə çağırır, bu, ikitərəfli münasibətlərə aradan qaldırıla bilməyən zərər vuracaq".
Nazirlik ABŞ-ın bu qərarını birtərəfli və qanunsuz adlandırıb.
mia.az