Bu gün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun doğum günüdür.

Mia.az xəbər verir ki, Əli Həsənov 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirmişdir. Tarix elmləri doktoru, professordur.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiridir.

31 iyul 2018-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Əməkdar dövlət qulluqçusu fəxri adına layiq görülüb.