Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov müşavirə keçirib.
Mia.az-ın məlumatına görə, müşavirədə Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrləri, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrləri, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçiləri iştirak edib.
Qeyd olunub ki, ötən dövrdə kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmalarına görə 34 hakim intizam məsuliyyətinə cəlb edilib. O cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 11 nəfər aşağı vəzifəyə keçirilib və ya iş yeri dəyişdirilib.
Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.