Ötən illər ərzində ölkəm qeyri-enerji sektorunun inkişafında, xüsusilə də Azərbaycanda biznes və sərmayə mühitini inkişaf etdirməklə və nəqliyyat infrastrukturlarını tikməklə və buraya sərmayə qoymaqla, nəzərə çarpacaq addımlar atmışdır. Lakin bizim səylərimiz yalnız Azərbaycanla məhdudlaşmır. Azərbaycan Hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır. Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vardır. BTQ Yeni İpək Yolu adlanan və trans-Avropa və trans-Asiya dəmir yol şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir.
Ticarətin davamlı şəkildə artan həcmini nəzərə alaraq, aydındır ki, bir-biri ilə rəqabətdə olmayan, lakin bir-birini tamamlayan etibarlı ticarət marşrutlarının müxtəlifliyi olmalıdır.
Azərbaycan Hökumətinin başqa bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd proseduralarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir. Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır.