Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.
Modern.az saytı geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarovla əlaqə saxlayıb.
Nazirin atası saytımıza açıqlamasında deyib ki, bu cür qarayaxma aparmaq olmaz.
Məhərrəm Məmmədyarov Elmar Məmmədyarovun rus dilində təhsil aldığını söyləsə də, Azərbaycan dilində danışa bildiyini vurğulayıb:
"Elmar Sovet dövründə rus dilində təhsil alıb. Daha sonra digər xarici dilləri də öyrənib. Cavanlarımız nə qədər çox dil bilərsə, bu, millətin ucalığıdır. Elə danışırsız ki, guya Elmar heç öz ana dilini bilmir. Əlbəttə bilir. O, mənimlə Azərbaycan dilində danışır. Düzdür, Azərbaycan dilini bədii ifadələrlə zənginləşdirib danışmır. Amma istənilən mövzuda öz dilimizdə danışır. Sadəcə, filoloqlar kimi səlis danışmır. Elmar filoloq deyil, xarici işlər naziridir. Onun haqqında yanlış fikirlər söyləyənlər vətənpərvər deyil. Öncə Azərbaycanın xarici siyasətinə baxın. Orada səhv varsa, onu düzəltsin”.