Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir: "Sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətindədir və insanların həyatı üçün təhlükə yoxdur".
***
"Badamdardakı sürüşmə sahəsində yaşayış evlərində olan insanlara dünən xəbərdarlıq edilib və onlar evlərindən çıxarılıblar".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, ərazidə gecə səhərə qədər növbə təşkil edilib: "İnsanlar üçün təhlükə yoxdur. Təxminən, 250 metr enində olan böyük bir ərazi istinad divarları üstündə olmaqla tamamilə dağılıb və torpaq qatı asfalt örtüyünə qədər gəlib çatıb. Sürüşmə sahəsində istinad divarından yuxarı 25-30 metr görünən hündürlük var və prosesdə aktivlik hələ də davam edir. Müvafiq orqanların nümayəndələri hazırda buradadırlar"/Report