?Evrovision-2013? yarışması ilə bağlı Azərbaycanla Rusiya arasında yaranan gərginliyə Avropa Yayım Birliyi nöqtə qoyub. Məsələ ilə bağlı müsabiqənin təşkilat komitəsinin rəsmi nümayəndəsi Yarmo Siyma bəyanat verib. Müsabiqənin təşkilatçısı Azərbaycanın Rusiyaya verdiyi səslərin ?yoxa çıxması? ilə bağlı səsləndirdiyi iddiaları rədd edib: ?Göndərilən səslər və münsif səsləri 50/50-yə hesablandıqdan sonra ümumi nəticə Rusiyanın Azərbaycanda ilk onluğa düşməsinə imkan vermirdi. Bu səbəbdən Azərbaycan Rusiyaya heç bir səs verməyib. Bu nəticə bizim partnyorlarımız olan Digame və PwC-dən olan müstəqil müşahidəçilər tərəfindən hesablandıqdan sonra yerindəcə notarial qaydada təsdiq olunub?. Bundan başqa, təşkilat komitəsinin nümayəndəsi müsabiqənin nəticələrinin siyasi metodlarla dəyişdirilməsinə qarşı çıxıb: ?Peşəkar münsiflərə edilən istənilən siyasi təzyiq ?Evrovision? müsabiqəsinin pozulması deməkdir və buna qarşı müvafiq ölçü götürüləcək?. Təşkilatçı həmçinin bildirib ki, Avropa Yayım Birliyi Azərbaycan prezidentinin yerli münsiflərin və səsvermənin nəticələrinin araşdırılması ilə bağlı göstərişini lazımi qaydada tədqiq edib və hesab edir ki, peşəkar jüriyə qarşı siyasi təzyiqi yolverilməzdir. O, həmçinin qeyd edib ki, AYB-i təşkilat üzvlərinə görə məsuliyyət daşıyır və onları təzyiqdən qorumaq üçün əlindən gələni edəcək.