Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev yeni təhsil naziri ilə bağlı sərəncam verib. Sərəncama əsasən yeni nazir təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib və ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. İlk iş yeri bank sekrtoru olub. 1999-2002-ci illərdə özəl hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illərdə o, hazırda həbsdə olan İqtisadi İnkişaf naziri Fərhad Əliyevin müavini və yaxın məsləhətçisi olub. 2004-cü ildə həmin nazirlikdə müavin vəzifəsinə qədər yüksəlib. O, 2009-cu ildə prezidentin müvafiq sərəncamı ilə İçəri Şəhər Qoruğunun direktoru vəzifəsinə təyin olunub.