Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu bu gün məhkəmədə ifadə verib. Bu barədə Müsavat başqanının müavini Tofiq Yaqublu bildirib. O, vəkillərin yenidən vəsatət qaldırdıqlarını deyib. Onun sözlərinə görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə ifadə verən Nigar Yaqublu qəzanın necə baş verdiyi haqda geniş məlumat verib. N.Yaqublu bildirib ki, qəza VAZ-2107 markalı avtomobilin ucbatından baş verib. Cinayət işinin materiallarından danışarkən Nigar Yaqublu deyib ki, işə ona tanış olmayan, əvvəlcədən heç görmədiyi detallar əlavə olunub. T.Yaqublu həmçinin qeyd edib ki, prosesdə qəza baş verən yerdə kameraların yaddaşına düşmüş videoyazı nümayiş etdirilib. Xatırladaq ki, N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. (modern.az). Tofiq Yaqublu bildirib ki, vəkillər xalq artisti Zeynəb Xanlarovanın zəmanət məktubunu hakimə təqdim ediblər. Hakim vəsatəti baxılmamış saxlayıb. Nigar Yaqublunun haqqında həbs qərarı qüvvədə qalıb. (Qafqazinfo.az)