Bakı polisi İctimai Palatanın Milli Məclisin qarşısında razılaşdırılmamış aksiya keçirməsinə imkan verməyəcək. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib. S.Bağırov qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: ?Biz lazımı tədbirlərimizi görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq?. Qeyd edək ki, İctimai Palata dekabrın 10-da saat 12.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın müraciətinə mənfi cavab verib. İctimai Palata isə parlamentin qarşısında aksiya keçirməkdə israrlı olduqlarını bəyan edib.